Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postunda dəyişiklik baş verə bilər.
Aut.az-ın əldə etdiyi məlumata görə, AFFA yeni baş məşqçinin axtarışlarına başlayıb. Bu dəyişiklik dekabrda reallaşacaq. Çünki hazırkı baş məşqçi Canni De Byazinin federasiya ilə sözləşməsi noyabrın 30-da bitəcək.
Ölkənin əsas futbol qurumunda yer alan şəxslərin əksəri italiyalı mütəxəssisin fəaliyyətindən narazıdır. Buna görə də baş məşqçi postunda dəyişiklik edilməsini tələb edirlər. Bir nömrəli komandanın yerli mütəxəssisə tapşırılması məqsədəuyğun hesab edilir.
Artıq millinin baş məşqçi postuna əsas namizəd də bəllidir. Söhbət “Zirə”yə rəhbərlik edən Rəşad Sadıqovdan gedir. 41 yaşlı məşqçinin fəaliyyəti, xarakteri, futbolçular arasında sahib olduğu nüfuz AFFA-nı onun üzərində dayanmağa sövq edir. Sadıqov bu yaxınlarda mətbuata açıqlamasında milli komandada çalışmaq arzusunu dilə gətirib. Bu da federasiya rəsmilərinin diqqətindən yayınmayıb.
Bildirilir ki, AFFA rəhbərliyi yaxın zamanda Rəşad Sadıqovla təmasa keçəcək və onunla müzakirələrə başlayacaq.
Aut.az