Bu kadrlar Şirvanovkada çəkilib. Qusarın Rusiya ilə sərhəd olan kəndində. Bu böyük kəndin komandası rayon səviyyəsini aşıb. Artıq dörd ildir ki, Region Liqasında mübarizə aparır.
İddiaları elə də böyük deyil, sadəcə arzulayırlar. Arzulayırlar ki, AFFA onları I Divizionun iştirakçıları sırasına daxil etsin.
Peşəkar statuslu çempionatda qüvvəsini sınamaq istəyən «Şirvanovka»nın şəraiti, bax belədir.
Bələdiyyə xaricində heç bir yerli qurumdan dəstək görməyən, bəzi kənd sakinlərinin köməyi ilə yaşayan komandanın mövcud vəziyyətini özündə təcəssüm etdirən kadrlar, doğrudan da, ürək ağrıdır.
Video paltardəyişmə otağında çəkilib. Əgər buranı paltardəyişmə otağı adlandırmaq mümkün olarsa.
Bu darısqal, kif iyi gələn, döşəməsi sökük, tavanı yerindən oynamış otağa sanki bomba düşüb. Elə bil, ötən əsrin 80-90-cu illərindən qalıb.
Elxan Məmmədov il yarım öncə – hələ AFFA-nın icraçı vitse-prezidenti və baş katibi olduğu zaman Şirvanovkaya səfər edib.
Bilmirik təsadüfən bura gəlib çıxıb, ya necə, amma məkana baş çəkib və hər şeyi öz gözləriylə görüb. Kənd camaatına söz verib, onları inandırıb ki, federasiya tezliklə stadiona əncam çəkəcək.
Vəd edib ki, narahat olmayın, AFFA öz hesabına süni meydança salacaq, paltardəyişmə və hakim otaqlarını söküb yerində müasir tipli yenisini tikəcək.
Elxan Məmmədov o gedən gedib… İndi səsi Fransadan gəlir. Məmmədov Fransada kef edir, Azərbaycan futbolu da belə durumdadır.