Ürəyi dayanan futbolçu meydanlara qayıdır?
“Luton Taun”un kapitanı, 2023-cü ilin dekabrında “Bornmut”la matçda ürək tutması keçirən Tom Lokyer idman karyerasını davam etdirə bilər.
Aut.az xəbər verir ki, hadisədən sonra kardioverter defibrilator quraşdırılan 29 yaşlı uelsli futbolçu bununla bağlı həkimlərin qərarını gözləyir:
“Meydana qayıtmağımla bağlı qərar daha sonra veriləcək. Kardioloq hər an deyə bilərdi ki, mən daha oynaya bilməyəcəm. Əgər bu baş verərsə, mən bunu qəbul edəcəm”, – deyə Lokyer “Daily Mail” bildirib.
Çətin günlərdən keçən Premyer Liqa klubunun kapitanının həyatında əlamətdar hadisə baş verib. O, ata olub:
“Qızımı qucağımda tutanda heyrətamiz idi. Övladınız üçün hiss etdiyiniz hisslər və sevgi inanılmaz dərəcədə güclüdür. Onun böyüməsini, dəyişməsini və gülümsəməsini görmək fürsətinə görə çox minnətdaram”.
