ABŞ yığmasının baş məşqçisi Qreqq Berhalter həyat yoldaşına qarşı etdiyi zorakılıqdan danışıb.
Aut.az xəbər verir ki, 2022-ci il dünya çempionatı zamanı kimsə anonim şəkildə ABŞ Futbol Federasiyası ilə əlaqə saxlayıb və bildirib ki, onda Qreqq Berhalteri “məhv edəcək” məlumat var.
Bundan sonra Berhalter həyat yoldaşı Rozalində qarşı 1991-ci ildə baş vermiş zorakılıq aktının təfərrüatlarını açıqlayan bəyanat yayıb:
“1991-ci ilin payızında can yoldaşımla tanış oldum. 18 yaşım təzəcə tamam olmuşdu. Rozalindlə tanış olanda kollecin birinci kursunda oxuyurdum. Bir axşam yerli barda içki içərkən onunla aramızda qızğın mübahisə oldu və bu mübahisə çöldə də davam etdi. Mən əsəbiləşib onun ayaqlarına təpik vurdum”.
Berhalter qeyd edib ki, bundan sonra kömək üçün mütəxəssisə müraciət edib. Onlar sonradan barışıb və evləniblər. Çütlüyün dörd övladı var. Onlar bu yaxınlarda evliliklərinin 25 illiyini qeyd ediblər.
“Otuz il əvvəl o axşamdan aldığımız dərslər, keçən həftə evliliyimizin 25-ci ilini qeyd etməklə şərəfləndirdiyimiz sevgi və sadiqlik üçün əsas oldu”, – deyə Berhalter əlavə edib.
Berhalter və Rozalind hadisəni araşdırmaq üçün hüquq firması ilə müqavilə bağlayan ABŞ Futbol Federasiyası ilə əməkdaşlıq edir.