Azərbaycan milli komandası “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Monqolustan üzərində 1:0 hesablı qələbə qazanıb.
Görüşdən sonra yığmamızın və “Yurqorden” klubunun hücumçusu Musa Qurbanlı Aut.az-a müsahibə verib. O, əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Ağır oyun oldu. Əsas məqsəd qələbə qazanmaq idi, buna da nail olduq. Rəqibi ciddiyə alırdıq. Bilirdik ki, reytinqi nə qədər aşağı olsa da, asan olmayacaq. Çünki belə oyunlar həmişə ağır keçir. Rəqib bütün heyətlə müdafiə olunurdu. Belə olduqda erkən qol vurmadınsa, dəqiqələr keçdikcə bu, daha da çətinləşir.
– Düşünmürsən ki, qol vurmaq üçün həddindən artıq güc itirməli oldunuz?
– Əlbəttə, çox güc itirdik. Tez qol vurmadıq, rəqib vaxt keçdikcə daha çox qapandı. Belə sıxlıqda qol vurmaq çətin olur. Tez qol vursaydıq, oynamaq daha rahat olardı.
– İsveçdəki vəziyyətin, “Yurqorden”dəki ab-hava necədir?
– Au-hava yaxşıdır, hər şey qaydasındadır. Baxmayaraq ki, son oyunlarda az oynayıram. Düşünürəm ki, 21 yaşım var, İsveçin ən böyük klublarından birində çıxış edirəm, bütün bunlar mənim üçün təcrübədir. Çətinliklər olsa da, çalışıram bunlar məni həvəsdən salmasın. Öz üzərimdə işləməyə davam edirəm.
– İsveç kubokunun finalındasınız, titulu qazanmaq şansınızı necə dəyərləndirirsən?
– Finalda “Malmö” ilə oynayacağıq. Rəqib çox güclü komandadır. Ötən mövsüm çempion olublar, bu il də heyətlərini yaxşı futbolçularla gücləndiriblər. Ağır oyun olacaq. Amma biz də bu il komanda olaraq güclənmişik. Ona görə də şanslar bərabərdir.
– Bəzən fikirlər səslənir ki, seçimin düzgün deyil. Skandinaviya iqlim, mentalitet, şərait baxımından tamam fərqli yerdir. Bu barədə düşüncələrin necədir?
– Arada mənim də ağlıma gəlir… Hər cür fikir ola bilər, hər kəs düşüncəsini bölüşə bilər. Mən də arada fikirləşirəm ki, bəlkə də düz eləmədim, səhv seçim oldu. Bəlkə də düz eləmişəm. Bunu indi bilmirəm, gələcəkdə biləcəm. Ona görə də seçimimdən peşman deyiləm. Çalışıram heç vaxt qərarlarımdan peşman olmayım. Ən azından mənim üçün yaxşı təcrübədir. Nə qədər çətin olsa da, çalışıram irəliyə doğru gedim.
– “Qarabağ”ın oyunlarını yəqin izləyirsən. Bəzən elə fikir olurmu ki, kaş daha bir mövsüm qalardım…
– Fikirləşirəm… “Qarabağ”ın oyunlarını izləyirəm. Uğurları bizi çox sevindirir. Fəxr eləyirəm. Xüsusilə xaricdə yaşayan bir azərbaycanlı kimi. Çünki ətrafdakıların reaksiyasını görürəm. Onlar yaxşı mənada təəccüblənirlər. “Qarabağ”a artıq böyük hörmətlə yanaşırlar. Bu həm komandada oynadığıma görə, həm keçmiş yoldaşlarıma, həm atama, həm də ölkəmizin adına mənim üçün böyük fəxrdir.
– Yaxşı mənada paxıllıq edib, “kaş “Qarabağ”ın heyətində olardım” dediyin məqam olub?
– Əlbəttə ki, bu klubda oynamışam, həmişə ürəyimdədir. Belə böyük oyunları, çıxışları görəndə adam orada olmaq istəyir. Amma mən artıq qərar vermişəm. Hər bir kəsin həm həyatda, həm futbolda öz yolu var.
– Qurban Qurbanov son mətbuat konfranslarından birində bildirdi ki, “Qarabağ”dan gedən futbolçular üçün işləri bəzən yaxşı alınmır. Yəqin ki, bu misal sən və başqa bir neçə futbolçuya aiddir. Sən necə düşünürsən?
– “Qarabağ” elə komandadır ki, orada işinə məsuliyyətli yanaşırsansa, çox çalışırsansa və verilən tapşırıqları yerinə yetirirsənsə, orada uğurlu olacaqsan. “Qarabağ” fərqli komandadır. Sözlərlə ifadə edə bilmərəm. Orada oynamaq başqa bir hissdir. “Hoca” elə deyirsə, elədir. “Qarabağ”dan sonra başqa ölkələrə uyğunlaşmaq var. Bəlkə də buna görədir. Ola bilər ilk vaxtlarda çətin olsun. Amma mən çalışıram hər şey yaxşı olsun.
– Azarkeşlər arasında Qurban Qurbanovu millidə görmək istəyənlər çoxdur. Bəs sən futbolçu kimi onu yenidən yığmada görmək istəyərdinmi?
– Mən istəyərdim ki, atam üçün yaxşısı nədirsə, o da olsun. O, mənim atamdır, fərqi yoxdur harada işləyir, hansı komandada işləyir. Mənim üçün fərqi yoxdur. Hansı iş yaxşı olacaqsa, Allah onun üçün hansını xeyirli bilirsə, o da olsun.
– Qurban Qurbanov bu günlərdə Avropa klublarının da siyahılarında yer alır. Həmin xəbərləri oxuyanda hansı hissləri keçirirsən?
– Fəxr edirəm ki, bu adı Avropada artıq tanıyırlar, böyük hörmət edirlər. Əlbəttə ki, bu xəbərləri oxuyanda xoş hissləri keçirirəm.
– Yəqin ki, bu, sənin məsuliyyətini daha da artıracaq…
– İnanmıram bu mənim işimə təsir etsin.
Aut.az