“Qarabağ” sabah yoldaşlıq görüşündə Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq.
Aut.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 20:00-da başlayacaq.
Oyundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Mütəxəssis əvvəlcə oyundan gözləntilərini bölüşüb:
– Stadionda gözəl ab-hava gördüm. Arenada böyük işlər görülüb. Hiss olunur ki, dostluq, qardaşlıq oyununa hazırlıq gedir. Məncə, maraqlı, önəmli oyundur. Həm klub, həm bizim üçün Bakıda “Qalatasaray”ı görmək xoşdur. Azarkeşlər üçün maraqlı olacaq. Ən vacibi Türkiyədə zəlzələdən sonrakı ümumi durum üçün belə bir oyun planlaşdırılıb və xeyriyyə matçıdır. Əsas olan budur. Ümid edirəm, oyun xoş təəssüratlarla başa çatar. Yardım üçün nə lazımdırsa, etməyə hazırıq. Azarkeşlər üçün yaxşı oyun göstərməyə çalışacağıq.
– Rotasiyalar olacaq?
– Rotasiyalıq bir şey yoxdur. Oyunçuların sayı azdır. Əlimizdə olanlarla matçı başa vurmağa çalışacağıq. “Qarabağ”ın keçmiş oyunçularını dəvət etmişik, bircə Anar Nəzirov bizdə olmayıb. Rauf Hüseynli, Donald Gerye, Nihad Quliyev bizimlə olacaq.
– “Sabah”ın legionerlərindən kimisə düşünürdüzmü?
– Əvvəlcə belə fikrim var idi. Son günə qədər oyunçuların durumuna görə gözlədik. Dünən qəti qərar verdim və adını çəkdiklərim oyunçulara dəvət göndərdik. Digər məşqçilər də oyunçular verməyə hazır idilər. Dünən Murad Musayevlə danışdım və dedi ki, neçə oyunçu lazımdırsa, verək. Çox futbolçu götürmək istəmədim. Hər bir məşqçiyə təşəkkür edirəm.