“Bavariya”nın və Almaniya millisinin sabiq futbolçusu Dietmar Hamann “Real”ın 34 yaşlı yarımmüdafiəçisi Toni Kroosun Almaniya millisinə qayıtmasını tənqid edib.
Aut.az xəbər verir ki, Hamann yığmanın qoca futbolçulardan formalşamasının düzgün olmadığını bildirib.
“Toni Kroosun görkəmli oyunçu olduğunu söyləməyə belə ehtiyac yoxdur. O, ən çox titul qazanandır, bəlkə də indiyə qədər sahib olduğumuz ən yaxşı oyunçudur. Kroos dominant komandanın ən yaxşı oyunçusudur. Onun yanında Kamavinqa, Valverde və bəzən Tuçameni də var. Onlar dünyanın ən yaxşı yarımmüdafiəçiləridir. Amma biz hətta Türkiyə və Avstriyaya da onunla təzyiq edə bilmərik.
Qross (32 yaş), Gündoğan (33 yaş) və Kroosun (34 yaş) birlikdə 100 yaşı var. Sizcə, başqa ölkələr bizimlə nə edərlər? Onlar bizdən öndədirlər. Futbol gənclər üçün idmana çevrilib. Hərdən bir yaşlı oyunçu görünür. Siz ciddi şəkildə Avropa çempionatına və ya Dünya Kubokuna gedib 30 yaşdan yuxarı üç nəfərlə yarımmüdafiə xətti qura bilməzsiniz”, – “Sky Sport Germany” Hamanndan sitat gətirib.
Xatırladaq ki, yarımmüdafiəçi qərarını fevralın 22-də açıqlamışdı. Kroos mart matçlarında Almaniya millisində oynayacağını bildirib.
Mart ayında Almaniya millisi iki yoldaşlıq oyunu keçirəcək: martın 23-də Fransa, martın 26-da isə Niderlandla.
Aut.az