Futbol üzrə milli komandamızın üzvü Ramil Şeydayevin “Kocaelispor”a transferi yubanır. Birinci Liqa təmsilçisi 27 yaşlı futbolçunun yolunu gözləsə də, Ramil hələ də Türkiyəyə yollanmayıb.
Bu gün Türkiyə mətbuatında bu məsələ gündəm olub. Və bildirilib ki, Şeydayev ailəvi məsələlərlə məşğul olduğu üçün keçidi yubanır.
Aut.az-ın əldə etdiyi məlumata görə, Ramilin Türkiyə təmsilçisinə transferinin baş tutmama səbəbi tamam başqadır. Belə ki, müqavilə ilə məxsus olduğu “Buriram Yunayted” millimizin üzvünü “Kocaelispor”a pulsuz buraxmaq istəmir. “Yaşıl-qaralar” da Ramilə görə Tailland klubuna pul ödəmək fikrində və maliyyə gücündə deyil.
Hazırda Taillandda olan Şeydayev klubu ilə danışıqlar aparır. Futbolçumuz özünü bu ölkədə xoşbəxt hiss etmir. Həm yerli şəraitə uyğunlaşa bilmir, həm də Asiya Çempionlar Liqası oyunundan sonra baş verən insident zamanı üzləşdiyi münasibət – komanda yoldaşlarından dəstək görməməsi onu incik salıb.
Azərbaycanda 3 klub – “Qarabağ”, “Sabah”, və “Neftçi” Ramilin vəziyyətindən xəbərdardır və onlar prosesin necə yekunlaşacağını gözləyirlər.
Qeyd edək ki, Şeydayev 2023-cü ilin yayında “Buriram Yunayted”lə 2 illik müqavilə imzalayıb. Onun Tailland klubundakı illik məvacibi 700 min dollardır. O, komandanın heyətində cari mövsümdə 15 rəsmi oyunda iştirak edib. Aktivində 1 qol və 3 məhsuldar ötürmə var.