Ötən gün “Neftçi” Rusiya toplanışı çərçivəsində “Spartak”la yoxlama oyunu keçirdi. “Ağ-qaralar” SSRİ dövründə prinsipial rəqibi olan Mosvka təmsilçisinə 2 cavasız qolla məğlub oldu.
Oyunun diqqətçəkən məqamı azarkeş sayı ilə bağlı idi. Bu görüşü 20 mindən çox, azarkeş izlədi. Onlar arasında azərbaycanlılar olsa da, təbii ki, rusiyalı fanatlar üstünlük təşkil etdilər.
“Spartak” azarkeşlərinin tribunada sərgilədiyi perfomans yoldaşlıq matçının üstündə hesab etmək olardı. Sanki iki komanda avrokubok oyununda qarşılaşırdılar. Yoldaşlıq matçları üçün “Fan ID” (Rusiyada ölkə daxili futbol yarışlarını izləmək üçün azarkeş vəsiqəsi) tələb olunmadığından Premyer Liqa matçlarından çox fanat təşrif buyurmuşdu.
Çılğın fanat qruplarının da qarşılaşmaya gələcəyini nəzərə alan çevik qüvvələr tribunaların girişlərində özlərinə yer etdilər. “Matç TV”-nin iddiasına görə, OMON bəzi emosianal fanatların arenaya daxil olmasına icazə verməyib.
İkinci hissədə azarkeşlər bir müddət də olsa əsl futbol ab-havasını qaytardılar: məşəllər yandırıldı, komandalarını yüksək səslə irəli səslədilər, şüarlar səsləndirdilər. Hətta bir vaxtlar Müslüm Maqomayevin ifa etdiyi “Moskva” mahnısını da bir ağızdan oxudular.
“Spartak”ın azarkeşləri o qədər pirotexniki vasitələrdən istifadə etdilər ki, arenanı tüstü basdı. Nəticədə matç bir neçə dəqiqəlik dayandırıldı. “Spartak”ın baş məşqçisi Gilyermo Abaskal hətta komandasını meydanı tərk etməyə çağırdı və özü də soyunub-geyinmə otağına yollandı. Ancaq köməkçiləri onu fikrindən daşındıra bildilər. Tüstü azalan kimi oyun bərpa edildi.
Final fitindən sonra futbolçular azarkeşlərə təşəkkür etmək üçün tribunaya tərəf yollandılar. “Spartak”ın sosial şəbəkələrində isə ““Neftçi”ni azarkeşlərin heyrətamiz dəstəyi ilə məğlub etdik!”, – deyə paylaşım edildi.
Sonradan məlum oldu ki, Daxili İşlər Nazirliyi azarkeşlərin davranışlarına görə Mosvka təmsilçisini cəzalandıracaq. Çox güman ki, “Spartak” sanksiyalardan yayınacaq. Çünki “Neftçi” ilə oyun rəsmi idman tədbirləri siyahısına daxil edilməyib, ona görə də burada 20.31-ci (rəsmi oyunlar zamanı tamaşaçıların davranış qaydalarına klub cavabdehlik daşıyır) bəndi heç bir əhəmiyyət daşımır.
Amma fanatlarla bağlı vəziyyət yaxşı deyil. Bir neçə azarkeş baş verən hadisə görə həbs olunub. Klubun baş direktoru Oleq Malışev bildirib ki, saxlanılanlarla bağlı hələlik məlumat yoxdur: “Ümid edirəm ki, hər şey yaxşı olacaq. Bütün xidmətlərlə əlaqə saxlayacağıq. Azarkeşlərlə birlikdə vəziyyəti izləyəcəyik”.
Malışev fanatlar barədə şəxsi fikirlərini də bildirib: “Azarkeşlər üçün darıxmışdıq, mənzərə möhtəşəm idi. Matçın dayandırılması tam başa düşülmür. Ancaq görünən odur ki, qaydalar bunlardır. Bu barədə fikir söyləmək çətindir”.
Match TV-nin məlumatına görə, saxlanılan azarkeşlər Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsi – “xırda xuliqanlıq” ilə ittiham olunurlar. Onlar məhkəmə qarşısına çıxarılacaq.