Avropada futbol mövsümü ötən həftə rəsmən başa çatdı. İndi diqqətlər yayın ən maraqlı hissəsinə – transfer pəncərəsinə yönəlib.
Bütün futbol ictimaiyyəti gözlənilməz, maraqlı keçidləri gözləyir. Bunlar arasında pulsuz reallaşanı da olacaq, böyük pullar xərclənəni də. Artıq bir belə transfer baş tutub. “Real” Dortmund “Borussiya”sından Cud Bellinqemi 103 milyon avroya heyətinə qatıb.
Futbol tarixi boyunca pul xərclənmədən, nəyinsə qarşılığında reallaşan keçidlərin də şahidi olmuşuq. Bunlardan biri 25 il əvvəl – 1998-ci ildə reallaşıb. Rumıniyanın ən qədim futbol klublarından biri olan “Jiul” yüksək diviziondan vəsiqə qazanıb. Ancaq klub büdcəsindəki itkiləri kompensasiya etmək üçün aparıcı futbolçuları ilə yollarını ayırmaq məcburiyyətində qalıb. Gedənlərdən biri də yarımmüdafiəçi İona Radu olub.
Onun “Valça”ya transferi üçün klub qarşı tərəfdən 500 kq donuz əti alıb. O zaman bu, 2 min avroya yaxın məbləğ idi. Bəzi mənbələr iddia edir ki, bu transfer 4 dəfə çox – 2 ton ət hesabına başa gəlib. Donuz ətindən başqa mal əti də verilib. Ancaq bir fakt dəyişməz olaraq qalır. Bu transfer ət hesabına reallaşıb.
Məsələ burasındadır ki, həmin vaxt hər iki komanda maddi sıxıntı yaşayırdı. “Jiulu”nun futbolçuların maaşını verməyə heç nəyi yox idi. Buna görə də futbolçulara olan borclarını ödəmək üçün əldə etdikləri bütün əti satdılar. O vaxt dördüncü divizionda yer alan “Valça”nın da əlində pul yox idi. Amma haradansa strateji ət tədarükü var idi. Amma bu transfer kluba o qədər də kömək etmədi. Donuz əti transferindən 6 il sonra “Valça” müflis oldu.
Futbolçuların yemək qarşılığında satılması ilk dəfə deyil. Ötən əsrin əvvəllərində İngiltərədə futbolçuları pivəyə satırdılar. 2002-ci ildə isə Norveçin “Vindbyart” klubu hücumçusu Kennet Kristenseni öz çəkisinə uyğun olaraq 75 kq xərçəngə satıb.
Aut.az