“Bu, Azərbaycana ilk səfərimdir. Burada birinci, karyeram ərzində ikinci qızıl medalımdır. Bakıda insanların bizə olan isti münasibətini görmək xoşdur”.
Aut.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Dünya kuboku-2023” yarışında qızıl medal qazanan Çin təmsilçisi Feng Sixuan deyib. Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş üzrə yarışda qızıl medal qazanan idmançı paytaxtımızda təşkil edilcək Dünya çempionatında da iştirak etmək istədiyini bildirib:
“Bakı Atıcılıq Mərkəzində atletlərə yaradılan şərait haqda ən xoş sözləri deyə bilərəm. Yeganə problem 25 metr məsafəyə atəş zamanı ərazinin bəzən qaranlıq olmasıydı. Bəzən işıqlı olurdu, bəzən qaranlıq. Bunun nədən qaynaqlandığını deyə bilməyəcəyəm. Ümumilikdə, mərkəz barədə təəssüratlarım yüksəkdir.
Avqustda Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcəyimə inanıram. Ümid edirəm ki, həmin yarışda da qızıl medal qazanacağam”.
Qeyd edək ki, “Dünya Kuboku 2023” mayın 14-də başa çatacaq.