UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün “Mançester Siti” “Bayern”lə qarşılaşacaq. Bu qarşılaşmanı futbol ictimaiyyəti maraqla gözləyir. Bu duel təkcə qitənin bir nömrəli klub turnirində favoritlərinin qarşılaşması hesab edilmir.
Aut.az xəbər verir ki, bu qarşılaşama ilə bağlı başqa nüanslar var ki, onlardan biri də “şəhərlilər”in baş məşqçisi Pep Qvardioladır. Təcrübəli mütəxəssis sabiq komandasına qarşı çıxış edəcək. Bundan başqa, Erlin Haaland da Münhen təmsilçisinə heç də yad deyil. O, 2 il Dortmund “Borussiya”sında çıxış edib və “pivəçilər”ə qarşı mübarizə aparıb.
Haaland bu görüşə xüsusi yanaşır. Çünki “Bayern” onun qalib gələ bilmədiyi azsaylı komandalardan biridir. Norveçli forvard Almaniya nəhənginə qarşı 7 oyun keçirib və hamısında məğlub olub. Onun vurduğu 5 qol və verdiyi 1 məhsuldar ötürmə komandası üçün faydalı olmayıb.
Yəqin ki, o, Münhen təmsilçisi ilə növbəti görüşə xüsusi hazırlaşır. Erlinq köhnə tanışlarına sürpriz etmək qərarına gəlib. Mançesterlilərin qol silahı oyunöncəsi məşqə yeni saç düzümü ilə gəlib. Görünür ki, növbəti oyunda meydana təkcə qol vurmaq üçün deyil, hörüklərini nümayiş etdirmək üçün də çıxacaq. Norveçlinin yenilənmiş imici hər kəsi təəccübləndirib.
Haalandın saç düzümü sosial şəbəkələrdə pərəstişkarları tərəfindən müxtəlif formada müzakirə və müqayisə edilib:
“Haland, Bayern onları 4-0 məğlub edəndə”.
“Het-triklər seriyası. Tezliklə”.
“O, “Bayern” üçün hazırdır”.
“Bunu haradan öyrəndiyini bilirik”.
“Həmişə Zlatan kimi”.
Haaland həmişə müxtəlif saç düzümləri ilə gündəmə gəlib. Şübhəsiz ki, bu məqam Erlinqin futbol meydançasında qaçmasına, qol vurmasına mane olmur. Əminliklə deyə bilərik ki, bizi bu gecə gözəl oyun gözləyir.