“Qarabağ” azarkeşləri və futbol ictimaiyyəti bu transferi uzun müddət idi ki, gözləyirdi. Fransalı vinger Azərbaycan futbolu üçün ulduz hesab ediləcək addır. Onun İngiltərənin və Fransanın adlı-sanlı klublarında top qovması fanatların diqqətini cəlb etməyə bilməzdi.
Futbolçuya olan diqqət xüsusilə sosial şəbəkələrdə öz əksini tapıb. Diakabini izləmək istəyən insanlar onun adını axtararkən qarşılarına çox sayda səhifələr çıxııb. Həmin profillər və hesabların bir çoxu yenidir, onun “Qarabağ”a transferindən sonra yaradılıb.
Belə olan halda sual yaranır futbolçunun əsas səhifəsi hansıdır? Məsələyə aydınlıq gətirmək üçün “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub rəsmisi Aut.az-a açıqlamasında hər kəsi maraqlandıran suala belə cavab verdi:
“Adama Diakabinin heç bir sosial şəbəkədə səhifəsi yoxdur. Yaradılan səhifələrin hamısı isə “feyk”dir. Onların heç birinin futbolçu ilə əlaqəsi yoxdur”.