Əfsanəvi avtomobillər hərraca çıxarılır: Fantastik qiymətə
Aprelin 25-də Monakoda yerləşən böyük “Grimaldi Forum” konqres mərkəzində “RM Sotheby’s” tərəfindən təşkil edilən hərrac keçiriləcək.
Aut.az xəbər verir ki, hərracda Formula 1 tarixinin dörd əfsanəvi bolidi satışa çıxarılacaq. Onların arasında üçqat dünya çempionu Ayrton Sennanın debüt etdiyi maşın da var.
Sennanın çıxış etdiyi “Toleman TG183B” ilə yanaşı, “Ferrari 312 T3” (1978 mövsümü), “Ferrari 642” (1991 mövsümü) və “Fittipaldi F6/A” (1979 mövsümü) də satışa çıxarılacaq.
“Ferrari 312 T3” ilə 1978-ci ildə Karlos Royteman çıxış edib, 1979-cu ildə isə Jil Vilynev Argentina Qran-Prisində bu bolidi idarə edib.
“Ferrari 642” 1991-ci il istehsalı olub və Alain Prost ilə Jan Alesi üçün ehtiyat maşın kimi Braziliya və San-Marino Qran-Prilərində istifadə olunub.
Hərracda həmçinin 2003-cü mövsümünün “Jaguar EJ13” şou-karı da satışa çıxarılacaq.
Auksion kataloquna əsasən, qiymətlər belə göstərilir:
Ferrari 312 T3 – 4,5–5,5 milyon avro
Ferrari 642 – 3–4 milyon avro
Toleman TG183B – 2,8–3,8 milyon avro
Fittipaldi F6/A 500–700 min avro
