Hakan onunla barışıb: “İnter”də qalır?
Hakan Çalhanoğlu “İnter”də qalmaq istədiyini bildirib.
Aut.az xəbər verir ki, Hakan bu barədə İtaliya mətbuatına danışıb.
“Zədəmlə bağlı hər şey qaydasındadır. Çətin tətil oldu. Bütün müddət ərzində klubla əlaqə saxladıq, bütün məşqlərdən keçdim və əla formada qayıtdım. Qayıtdığım üçün şadam, “İnter” üçün darıxırdım. İndi hazıram.
Şayiələr? Hər il olur, bu dəfə bir az daha çox oldu. Mən heç nə demədim, danışmaq üçün bura qayıdana qədər gözləmək istədim. Həm də bunu azarkeşlər üçün etdim. Mən “İnter”in oyunçusuyam və həmişə burada qalmaq istədiyimi demişəm.
Müqavilənin uzadılması? İnşallah, görərik. İndi gələcək illərdə işlərin necə getdiyini görəcəyik, amma mənim məqsədim burada kuboklar qazanmaqdır.
Lautaro? Lautaro ilə danışdım, biz peşəkarıq, hər şey həll olunub. Problem yoxdur. Kapitan qayıdanda onu qucaqlayacağıq və bu qədər. İndi tətildədir. Başımız çox yüklənmişdi, indi hamı rahatdır”, – “İnter”in yarımmüdafiəçisi bildirib.
Xatırladaq ki, klublararası dünya çempionatının 1/8 finalında “İnter”in “Fluminense”yə məğlub olmasından (0:2) sonra Lautaro Martines demişdi: “Mesaj sadədir: qalmaq istəyirsənsə, qal, istəmirsənsə, get”.
“Neradzurri”nin prezidenti Beppe Marotta, Lautaronun zədə səbəbindən turnirdə iştirak etməyən, lakin ABŞ-da komanda ilə birlikdə olan Çalhanoğluna müraciət etdiyini iddiA ETMİŞDİ.
Türkiyəli yarımmüdafiəçi sosial şəbəkədə belə cavab vermişdi: “Birləşdirən deyil, ayıran sözlər. Hörmət birtərəfli deyil. Heç vaxt “İnter”dən narazı olduğumu deməmişəm”.
Daha əvvəl Çalhanoğlu ilə “Qalatasaray” və “Fənərbağça” nın da maraqlandığı xəbərləri yayılmışdı.
Aut.az
