Basketbol üzrə Avroliqa yarışlarının tanınmış hakimi Matej Boltauzer “Partizan” – “Monako” matçından sonra Belqrad hava limanında oğurluq hadisəsi törədib.
Aut.az xəbər verir ki, 2023-cü il dekabrın 5-də baş verən bu hadisədən sonra sloveniyalı hakim nəzarətə götürülüb. Belqradda keçirilən matçdan sonra Boltauzerin hava limanının rüsumsuz mağazasından 221 avro dəyərində “Tom Ford” markalı ətir oğurladığı müəyyən edilib. Təhlükəsizlik qrupları tərəfindən cinayət başında yaxalanan hakim hadisə yerində günahını etiraf edib.
Hadisə ilə bağlı ilk məlumatı Serbiyanın “Republika” qəzeti verib. Qəzet Boltauzerlə əlaqə saxladığını və onun “Bu barədə heç nə bilmirəm. Bağışlayın, danışa bilmirəm” dediyini yazıb.
Bildirilib ki, qəzet videogörüntüləri Boltauzere göndərsə də, heç bir cavab verilməyib.
Boltauzer Avroliqada ən təcrübəli adlardan biri kimi tanınır. Onun idarə etdiyi son matç “Panatinaikos” – “Makkabi” (Tel Əviv) oyunu olub. Mübahisəli pley-off matçı Yunanıstan komandasının narazılığına səbəb olub.
Aut.az