Vinisius belə təsvir edildi, “Real” qəzəbləndi – FOTO
Valensiyada çıxan “Superdeporte” idman qəzeti “Real”ın hücumçusu Vinisius Juniorun şəklini üz qabığında Pinokkionun burnu ilə təsvir edib.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Bu, futbolçunun mayın 21-də “Mestalya” stadionunda irqçi təhqirlərə məruz qalması ilə bağlı oktyabrın 5-də Valensiya məhkəməsində şahid qismində ifadə verməsindən sonra baş verib. Braziliyalı məhkəmədə deyib ki, qışqırıqlar iki-üç nəfərdən gəlməyib, bütün stadiona geniş yayılıb.
Qəzetin bu addımı “Real”ı qəzəbləndirib. “Belə davranış, yumşaq desək, ayıbdır. Bu cinayətə şərik olmaqdır. Şahid sübutsuz ifadə verməkdə ittiham olunur. Qəzet kriminal sərhəddədir”, – klubun bəyanatında bildirilir.
Xatırladaq ki, mayın 26-da Valensiya məhkəməsi Vinisiusun matçlardan birində üzləşdiyi irqçi təhqirlərlə bağlı araşdırmaya başlayıb. Bu oyundan sonra braziliyalını irqi zəmində təhqir edən azarkeş müəyyən edilib və daha sonra həbs olunub.

Aut.az
