Ötən mövsüm UEFA Çempionlar Liqasının, İngiltərə Premyer Liqasının və ölkə kubokunun qalibi olmaqla trebl edən “Mançester Siti” möhtəşəm jest edib. “Şəhərlilər” bu mövsüm qazandıqları hər üç kuboku ən sadiq azarkeşlərinə çatdıraraq futbol tarixində tayı-bərabəri olmayan kubok turu təşkil ediblər.
Aut.az xəbər verir ki, Titulların ilk dayanacağı Mançesterdəki qocalar evi olub. 102 yaşlı Ceffri Rotband orada yaşayır. O, “Siti”nin ən qocaman fanatıdır. Ötən əsrin 20-ci illərindən bəri “ağ-mavi” rənglərin xəstəsidir. Bu, təxminən bir əsr deməkdir.
Rothband klub tarixində qazanılan bütün zəfərlərin canlı şahididir. Yalnız 1904-cü ildə qazanılan ölkə kuboku istisna olmaqla. Həmin Vaxt Ceffri dünyaya belə gəlməmişdi. Bu, futbol tarixində misli görünməyən statistikadır. O, klubun ən çətin dövrlərini görüb. Mançesterin “mavilər”ə sadiq sakinlərindən biridir.
“Atama xoşbəxtlik bəxş etdiyinə görə “Mançester Siti”yə təşəkkür edirəm. Atanızın 103-cü ad günü ərəfəsində qocalar evinə bütün kubokları gətirmək… Bu, inanılmazdır. Onlar uğurları azarkeşlərlə birlikdə bayram edirlər. Biz bir ailəyik”, – Ceffrinin oğlu açıqlamasında deyib.
Başqa bir heyrətamiz hekayə “Siti”nin 83 yaşlı pərəstişkarı Cim Dolandan gəlir. Cim altı həftə əvvəl insult keçirib. Bu səbəbdən o, “İnter”lə Çempionlar Liqasının finalını stadiondan izləyə bilməyib. Bileti oğluna verib. O, futbolu sevməsə də, atasının xatirinə İstanbula getməyə razılıq verib.
Dolan ailəsi zarafat edir ki, heç olmasa bir ailə üzvü belə tarixi anı canlı görməli idi. Cim yavaş-yavaş sağalır. Klub həyatın ədalətsizliyini kompensasiya edib, kubokları sadiq azarkeşin evinə göndərib. O, 14 yaşımdan bəri sevimli komandasının bütün ev oyunlarını stadiondan izləyir. İlk biletini isə 1974-cü ildə alıb.
“İlk biletimi almamışdan bir il əvvəl işə düzəldim. Həftədə 1 funt qazana bilmək üçün yaşım haqqında yalan danışdım. Beləliklə, köhnə “Mayn Roud”a mövsüm bileti üçün pul yığdım.
Mövsümün son oyunundan – Çempionlar Liqasının finalından öncə özümü pis hiss edirdim. Koronavirusa bənzəyirdi, amma əslində insult idi. Bir neçə gündən sonra oftalmoloqa getdim. Məni xəstəxanaya göndərdilər. Həyatım dəyişdi. İngiltərə Kubokunun son beş dəqiqəsini gördüm. Özümü pis hiss etdim, amma Çempionlar Liqasının finalına baxdım. Onu qaçırmaq olmazdı. İndi Çempionlar Liqasının kuboku mənim mətbəximdədir. Bu, mənim həyatımda bir daha olmayacaq”, – deyə Cim müsahibəsində bildirib.
“Mançester Siti” möhtəşəm kubok turunu davam etdirməkdədir. Artıq “şəhərlilər”in bir sıra qocaman azarkeşi tarixi titullarıyla evlərində tanış olublar. Bu, futbol tarixində çox nadir görünən hadisələrdən biridir. Mançester təmsilçisinin bu jesti futbolun nə qədər böyük, amma bir o qədər real, insan həyatının bir parçası olan oyun olduğunu göstərir.