“Mançester Yunayted”in sabiq futbolçusu, hazırda şərhçilik edən Qari Nevill siyasi baxışları haqda danışıb.
Aut.az xəbər verir ki, Nevill “Siz Leyboristlər Partiyasının üzvüsünüz və siyasətlə bağlı daha çox səs-küy salırsınız. Niyə?” sualına belə cavab verib:
“İki amil var. Birincisi, Böyük Britaniyada koronovirusla bağlı karantindir. Hamı o brifinqlərə baxırdı, hər sözə inanırdılar. Amma sonra bəlli oldu ki, bizi aldadıblar.
İnsanlar ölürdü, yaxınları onların dəfn mərasiminə gələ bilmirdilər.
Həmin ərəfədə nazirlər dostları ilə hiylə qurur, müqavilələr bağlayırdılar. Bir neçə aydan sonra başa düşdüm ki, onlar yaxşı insan deyillər.
İkincisi, Boris Conson. O, baş nazir olarkən hiss edirdim ki, biz real təhlükə qarşısındayıq. Bütün həyatım boyu hamının bir-birinin qayğısına qaldığı komandalarda oynamışam. Bu insanlar bu barədə düşünmürlər. Onlar öz mənafeləri və mənfəətləri üçün siyasətlə məşğul olurlar. Bu, ölkəmizə, bütövlüyümüzə, beynəlxalq mövqeyimizə xələl gətirir. Biz gülüş obyektiyik.
Conson Britaniya siyasətindən həmişəlik uzaqlaşdırılmalıdır. Eləcə də ona kömək edən bütün dostları. Biz böyük liderlə yenidən böyük millət ola bilərik, lakin bu, indiki hökumətin dövründə baş verməyəcək”.
Aut.az