“Əgər kimsə düşünürsə ki, ərəblər ulduz futbolçuları ölkələrinə aparmaqla pullarını havaya sovururlar, yanılırlar. Futbol biznesdir, özü də yaxşı gəlir gətirən biznes. Bu sahəyə qoyulan yatırım isə batmır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında “Aut.az” saytının baş redaktoru Natiq Muxtarlı deyib.
O, son dövrlər Səudiyyə Ərəbistanı klublarının tanınmış futbolçulara astronomik məbləğlərlə “elçi düşmə”sinin səbəblərindən söz açıb:
“Ərəblərin pulu var və bu pulu az riskli sahəyə yatırıb, qazanmaq istəyirlər. Təkcə Kristiano Ronaldonun transferinə nəzər salaq. Onun Səudiyyə Ərəbistanına keçidinə qədər bu ölkənin çempionatına hansı maraq vardı?
Demək olar ki, yox idi. Amma Ronaldonun gəlişindən sonra 100-dən artıq ölkə Səudiyyə Ərəbistanının çempionatını yayımlamaq üçün pul ödəyib. Üstəlik, xeyli məşhur şirkətlər Ronaldoya görə Səudiyyə Ərəbistanı Professional Liqasına üz tutublar”.
“Ərəblərin taktikası əvvəlcə belə olub: Avropada klublar almaq. Bu da cəlbedici biznesdir. Avropada hansısa klubu alıb inkişaf etdirirsən və səhmləri bahalaşır. Nəticədə, yaxşı qazanc əldə olunur. Roman Abramoviç “Chelsea”ni cəmi 300 milyon funta almışdı, amma 4 milyarda satdı”, – deyə Natiq Muxtarlı əlavə edib.
Müsahibimizin fikrincə, Avropada ərəb investorların ciddi rəqibləri var:
“ABŞ şirkətləri. Avropa klublarının əksəriyyəti onların nəzarətindədir. Üstəlik, ərəblərin klub almasına bəzi ölkələrdə bürokratik əngəllər də yaradılır. Böyük ehtimalla, bu amili nəzərə alan ərəblər, belə deyək, İngiltərə Premyer Liqasını elə öz ölkələrində qurmaq istəyirlər”.
N. Muxtarlı düşünür ki, Səudiyyə klublarının Çempionlar Liqasında iştirak edəcəyi ehtimalı da az deyil:
“Bu, yaxşı pul deməkdir. Yəni UEFA-nın bu turnirdən əldə edəcəyi gəlir fantastik dərəcədə artacaq. Deməli, klublara ödəniləcək məbləğ də yüksələcək. “Real Madrid”, “Barcelona” kimi klublar daha çox pul qazanmaq üçün “Avropa Super Liqası” (ASL) ideyasını ortaya atıblar. UEFA gəlirlərini artırsa, ÇL-nin büdcəsi də artar, nəticədə ASL ideyası da gündəmdən çıxar”.
“Avropada puldan heç kim imtina etməz. Ərəblər də vəsaitlərini havaya sovurmurlar. Onlar nə etdiklərini bilirlər. Bir neçə ildən sonra onların yüksək səviyyəli çempionatları ola bilər. Belə çempionatın iştirakçılarının da Çempionlar Liqasında olma ehtimalı yox deyil. Yaxşı qazanc varsa, turnirin formatını dəyişmək çox asandır”, – həmsöhbətimiz fikirlərini tamamlayıb.