Çəkicatma növündə üçqat olimpiya çempionu Anita Vlodarçik (2012, 2016, 2020) Rusiya və Belarus idmançılarının beynəlxalq dərəcəli yarışlara buraxılmasına etiraz edib.
Aut.az xəbər verir ki, polşalı atlet Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyəsi ilə Ümumdünya Taekvondo Federasiyasının (WT) Rusiya və Belarus idmançılarının neytral statusda Azərbaycanda keçiriləcək kişilər və qadınlar arasında dünya çempionatında iştirakına icazə verməsindən sonra narazılığını bildirib.
38 yaşlı idmançı bunun ukraynalılara psixoloji cəhətdən pis təsir göstərəcəyini düşünür: “BOK-un bu tövsiyəsi çox ağrılıdır. Hər iki ölkə idmançılarının yarışmamaları mesaj olmalıdır. Əlbəttə ki, asan deyil, çünki işə siyasət qarışır. Biz həmişə idmanı siyasətdən ayırmaq lazım olduğunu deyirik. Ancaq görürük ki, burada vəziyyət belə deyil. Ukraynadan olan idmançının rusiyalı ilə yarışda iştirakını təsəvvür edə bilmirəm. Bu, təkcə stress yox, həm də psixoloji problemlər yaradır”.
Ukrayna hökuməti rusiyalıların qatılacaqları beynəlxalq yarışları boykot etmək qərarı alıb.
Qeyd edək ki, Bakıda təşkil olunacaq taekvondo üzrə dünya çempionatı mayın 29-dan iyunun 6-dək keçiriləcək.