Osimhen uşaqlığı haqda: Zibilxanada yaşayırdım, ilk butslarımı da orada tapdım
“Qalatasaray” və Nigeriya milli komandasının hücumçusu Viktor Osimhen uşaqlıq xatirələrini bölüşüb.
Aut.az xəbər verir ki, o, gənc yaşlarında ailəsinə pul qazanmağa necə kömək etdiyindən danışıb.
“Bunu oxumağınız Allahın lütfünün sübutudur. Anam iki-üç yaşımda vəfat etdi. Onun məni qucaqladığından başqa heç nəyi xatırlamayacaq qədər balaca idim. Altı bacı-qardaşımla birlikdə Laqosun gecəqondu məhəlləsində bir otaqlı mənzildə yaşayırdıq. Oraya Olusosun deyilir. Bəlkə də eşitmisiniz. Afrikanın ən böyük zibilxanasının yanındadır. Deyirlər ki, hər gün ora 10.000 ton zibil atılır. Kimyəvi tullantılar. Sınıq televizorlar. Təsəvvür edə biləcəyiniz hər şey.
Bura mənim həyətim idi. Futbol oynamağa başlayanda və ayaqqabıya ehtiyacım olanda dostlarımla zibilliyə gedib baxardım. “Hey, sınıq “Nike” ayaqqabıları tapdım. Sol ayaq! 8-ci ölçü!” (Bir saat sonra) “Hey, “Puma” ayaqqabıları tapdım! Sağ ayaq! 9-cu ölçü!” Xoşbəxt bir gün idi. Hamımızın bir cüt ayaqqabısı var idi.
Məhəlləmizdəki əksər ailələr zibilxanadan tullantıları yığıb yenidən satırdılar, amma atam mən balaca olanda çatdırılma sürücüsü işləyirdi. Anam öldükdən sonra işini itirdi və polis bölməsindəki mətbəxdə qab yumağa başladı. Bu pul kirayə haqqını ödəməyə çatmırdı. Yadımdadır, bir gecə, təxminən 12 yaşımda ev sahibi artıq buna dözə bilmirdi. Mənzilimizdəki elektrik enerjisini kəsdi. Bir otaqda qaranlıqda oturmuşduq – hamımız yeddi nəfər – televizorsuz, heç nəsiz. Çölə çıxdım və kanalizasiya borusunun – sözün əsl mənasında kanalizasiya borusunun – yanında oturdum və ağlamağa başladım.
Göyə baxıb Tanrıdan soruşdum: “Uşaq üçün bu necə həyatdır?” Təxminən o vaxtlar futbol oynamağı tamamilə dayandırdım. Ailəmə dolanışığını təmin etməyə kömək etməli idim, bilirsinizmi? Bacılarım portağal satırdılar. Bazarda yox, küçədə. Laqosda tıxac çox pisdir, ona görə də yolun kənarında dayanıb maşınlarının arasında qaçaraq pul qazana bilərsən. Mən həqiqətən sürətli idim, ona görə də butulkada su satmaqda yaxşı idim. Başıma 12 şüşə paket qoyub kiminsə siqnal verməsini gözləyirdim. Sonra işıqfor yenidən yaşıl rəngə dönməmiş maşına tərəf qaçırdım.
Düşündüm ki, ‘Mən onların indiyə qədər gördüyü ən sürətli uşaq olacağam’. Əslində bundan zövq aldım. Bu, demək olar ki, məşq kimi idi. Bəzən evə o qədər yorğun gəlirdim ki, bacılarımdan soruşurdum ki, ‘Sabah sizinlə birlikdə portağal sata bilərəmmi?'” Osimhen “ThePlayers Tribune”da yazdığı məqalədə qeyd edib.
Aut.az
