Dünya futbolu

Enrike anti-qəhrəmana çevrilən sabiq futbolçusundan danışdı: O, nə qatildir, nə də…

PSJ-nin baş məşqçisi Luis Enrike Mərakeş millisinin vingeri Brahim Diasla bağlı qalmaqallı vəziyyətə münasibət bildirib.

Aut.az xəbər veri ki, Afrika Millətlər Kubokunun finalında Mərakeş yığması Seneqala 0:1 hesabı ilə məğlub olub. Hesab 0:0 olarkən, əlavə olunmuş 8-ci dəqiqədə hakim Seneqalın qapısına penalti təyin edib. Bundan sonra Seneqalın baş məşqçisi etiraz əlaməti olaraq komandanı meydandan aparıb və oyun təxminən 15 dəqiqəlik fasilədən sonra bərpa olunub. Penalti zərbəsini yerinə yetirən Brahim Dias 90+24-cü dəqiqədə “panenka” üslubunda vurduğu zərbəni qapıçı Eduar Mendinin dəf etməsi ilə fərqlənə bilməyib. Daha sonra Dias sosial şəbəkələrdə azarkeşlərdən üzr istəyib.

“Bu gün avtobusda bu mövzu ətrafında danışdıq. Hamı Brahimdən danışır, amma mən Zidanı xatırlayıram. O, futbolun tanrısıdır və dünya çempionatının finalında bunu etmişdi. Serxio Ramosun da belə penalti vurduğunu xatırlayıram. Əgər panenka ilə qol vursan, hamı alqışlayır. Amma əgər qaçırsansa, çoxlu neqativ şərhlər yaranır.

Brahim Dias möhtəşəm futbolçudur, mən onu tanıyıram, onu İspaniya millisində bir oyuna dəvət etmişdim. O, həm əla oyunçudur, həm də çox yaxşı insandır. Bununla barışmağın çətin olduğunu başa düşürəm, bu vəziyyət qəribə idi, amma bu idmandır və başqa heç nə deyil. İdmanda həm qalib gəlməyi, həm də uduzmağı bacarmalısan. Qalib də olsan, məğlub da olsan, həyatda heç nə baş vermir. Ən vacib olan insanlara hansı dəyərləri göstərdiyindir. Brahim nə qatildir, nə də pis insan. Bunu demək vacibdir. O, gənc oyunçudur və gənclik asan dövr deyil”, – deyə Luis Enrike RMC Sport-a bildirib.