Əməyi göz qabağındadır: Məşhur ukraynalı Ardanı təriflədi
Futbol üzrə Ukrayna milli komandasının sabiq baş məşqçisi Miron Markeviç Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Şaxtyor”un “Beşiktaş” üzərində qələbəsini (4:2) şərh edib.
Aut.az xəbər verir ki, Markeviç “Şaxtyor”un baş məşqçisi Arda Turanın rolunu xüsusi qeyd edib.
“Sport-express” mütəxəssisdən sitat gətirib:
“Şaxtyor” çox yaxşı görünürdü. Arda Turanın əməyi artıq göz qabağındadır. Meydanda yaxşı nizam-intizam gördüm, “Şaxtyor”un oyunçuları fərdi cəhətdən onsuz da bacarıqlı idilər. Səviyyəli braziliyalılar çoxdur, yerlilər də inkişaf edib.
Turanın gətirdiyi ən vacib şey komandanın nizam-intizamla oynamağa başlamasıdır. Biz belə davam etməliyik. Keçən il hamı meydanda istədiyini edəndə belə deyildi.
“Şaxtyor”un qalib gələcəyinə əmin idim. “Beşiktaş”da yaşlı futbolçular var. Onları dünyanın hər yerindən toplayıblar, lakin heç bir faydası yoxdur və olmayacaq da. Onlar necə oynamağı bilirlər, amma hamısı işlənmiş materialdır. “Şaxtyor” daha sürətlidir, onların fiziki hazırlığı yüksəkdir. Nəticə tamamilə təbiidir”.
Aut.az
