Dünya futbolu

Özünü Allah hesab edir: Bu təşkilat İnfantinoya qarşı çıxdı

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPro) rəhbəri Serxio Marki FİFA prezidenti Canni İnfantinonu tənqid edib.

Aut.az xəbər verir ki, iyulun 13-də FİFA bir neçə futbol ittifaqı ilə oyunçuların istirahəti üçün yeni minimum standartlar – matçlar arasında məcburi 72 saat fasilə və oyunçular üçün mövsümdən sonra ən azı 21 günlük məzuniyyət haqqında razılığa gəldiyini açıqlayıb.

Razılıq klublararası dünya çempionatının finalından əvvəl müxtəlif həmkarlar ittifaqlarının nümayəndələrinin iştirak etdiyi görüşdə əldə olunub. Lakin FIFPro iclasda iştirak etməyib.

“The Athletic”in məlumatına görə, bazar günü, iyulun 13-də Marki FİFA-da qərar vermə prosesinin “birtərəfli” və “avtoritar” olduğunu söyləyərək, prezident İnfantinonu “özünü tanrı hesab edən adam” adlandırdı.

O, həmçinin FİFA-nın “sadəcə iqtisadi gəlirlilik məntiqinə əsaslanaraq qərarlar qəbul etdiyini, oyunçuların sağlamlığına əhəmiyyət verilmədiyini, onların “marketinq məqsədləri üçün qurban verildiyini” söyləyib.

Serxio Marki klublararası dünya çempionatının keçirilməsini də tənqid edib.

Marki FİFA-nın futbolçuların üzləşdiyi təzyiqlərin “reallığına məhəl qoymadığını” və təşkilatın “oyunçuların sağlamlığı hesabına gəlirlərini artırmağa davam etdiyini” bildirib.

Aut.az