A Seriyasında qalmaqal: Papanın ölümü aranı qatdı
“Latsio”nun prezidenti Klaudio Lotito İtaliya çempionatı rəhbərliyinin “Cenoa” ilə səfər matçını aprelin 23-nə keçirmək qərarı ilə razılaşmayıb.
Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub A Seriyasının matçların çərşənbə gününə təxirə salınması ilə bağlı onlara vaxtında məlumat verməməsindən qəzəblənib və şoka düşüb.
Məsələ burasındadır ki, komanda Romaya qayıtmaq üçün artıq çarter reysi ilə Genuyadan ayrılıb. Papanın ölüm xəbərindən dərhal sonra hər şey təşkil olunub.
Bu vəziyyəti nəzərə alaraq, “Latsio” sabah yenidən Genuyaya səfər etməli, daha sonra çərşənbə günü matça çıxmalıdır. Şənbə günü isə romalılar “Parma”nı qəbul edirlər.
Komanda məcburi səyahətlərdə vaxt və enerji itkisindən narazıdır. Onlar hesab edirlər ki, A Seriyası hərəkətlərini daha yaxşı əlaqələndirsəydi, bunun qarşısını almaq olardı.
Qeyd edək ki, İtaliya çempionatının aprelin 21-nə planlaşdırılan oyunları Roma Papası Fransiskin ölümü ilə əlaqədar təxirə salınıb.
