İspaniya

Prezident tvit yazdı, “Real” şikayət etdi – Tribunal iş açdı

İspaniya İdman Məhkəməsi “Real Madrid”in şikayətindən sonra La Liqanın prezidenti Xavyer Tebasa qarşı iş açıb.

Aut.az xəbər verir ki, AS-ın məlumatına görə, Madrid klubu Tebası 2023-cü ilin aprelində hakimliyi qiymətləndirmək üçün klublar arasında keçirilmiş sorğunun məxfiliyini pozmaqda ittiham edərək Ali İdman Şurasına (CSD) müraciət edib. “Real”ın şikayətinə səbəb fevralın 3-də La Liqa prezidentinin yazdığı tvit olub: “Biz 2023-cü ildə sistemin dəyişməsinin lehinə səs verdik. Amma “Real” bunun əleyhinə çıxdı. Bu, Peresin RFEF-in idarə heyətinin üzvü olması ilə bağlı ola bilərmi?”

Şikayət qeydə alındıqdan sonra CSD İdman Tribunalına (TAD) mümkün pozuntu ilə bağlı araşdırma başlatmağı tapşırıb. Cümə axşamı Tebasa qarşı intizam işi açılıb. “Real” hesab edir ki, Tebas La Liqa nizamnaməsinin 19-cu maddəsində təsbit edildiyi kimi şəxsi toxunulmazlıq hüququnu pozub.

Bildirilir ki, İspaniyanın idman qanunlarına əsasən, Baş Assambleyanın qərarları ilə bağlı müəyyən edilmiş qaydalara əməl edilməməsi ciddi qanun pozuntusudur. Tebas ictimai qınağa məruz qala, 2 ildən 15 ilə qədər bütün idman vəzifələrindən uzaqlaşdırıla və ya La Liqa prezidenti vəzifəsindən uzaqlaşdırıla, həmçinin 3000-30000 avro cərimə ilə üzləşə bilər.

Aut.az