Gürcüstan tarixi uğuru belə qeyd etdi
Gürcüstan yığması tarixdə ilk dəfə Avropa çempionatının pley-off mərhələsinə yüksəlib. Gürcülər qrup mərhələsinin son turunda Portuqaliyaya 2:0 hesabı ilə qalib gələrək bu ğura nail olublar.
Aut.az xəbər verir ki, bu uğurdan sonra on minlərlə azarkeş Tbilisi və Gürcüstanın digər şəhərlərində küçələrə axışıb.
Azarkeşlər maşınlarla paytaxtın ətrafını gəzib, alqışlayıb, bayraqlar dalğalandırıblar. Meydanlara toplaşan minlərlə insan “Gürcüstan” şüarları səsləndirib, bir-birini təbrik edib, milli mahnılar oxuyub.
Azarkeşlər yerli mətbuata etiraf ediblər ki, 1981-ci il mayın 13-də Tbilisidə “Dinamo”nun Kuboklar Kubokunu qazanmasından bəri Tbilisidə belə bir şey olmayıb.
Baş nazir İrakli Kobaxidze sevinən azarkeşlərin qarşısına çıxıb, onları qələbə münasibətilə təbrik edib və hamını İspaniya millisi ilə 1/8 final oyununa hazırlaşmağa çağırıb.
İspanlarla qarşıdakı görüşdən danışan Kobaxidze bu şüarı səsləndirib: “Ən güclü rəqiblə oynayanda belə, topun yuvarlaq olduğunu yadda saxlamaq lazımdır”.
Aut.az
