1995-ci ildə San Marino Qran Prisi zamanı keçmiş Formula 1 sürücüsü Gerhard Bergerin Ferrari F512 M avtomobili oğurlanmışdı.
Aut.az xəbər verir ki, bu, həmin gün İtaliyanın İmola trassından yoxa çıxan iki idman avtomobilindən biri idi. 28 ildən sonra polis əfsanəvi avtomobilin tapıldığını açıqlayıb.
Müstəntiqlər hesab edirlər ki, oğurluqdan sonra dəyəri 400 min avrodan çox olan avtomobil Yaponiyaya göndərilib, lakin 2023-cü ilin sonunda gözlənilmədən Böyük Britaniyada peyda olub.
Avtomobil ingilis broker vasitəsilə Amerikalı müştəriyə satılanda, “Ferrari” avtomobilə baxış keçirib və onun oğurluq olduğunu aşkar edib. Şirkət yanvar ayında dərhal polisə məlumat verib.
“Oğurlanmış avtomobil 28 ildən çox axtarışda idi. İstintaq mürəkkəb idi və dünyanın hər yerindən səlahiyyətlilərlə əlaqə saxlamağı tələb edirdi. Milli Cinayət Agentliyi ilə yanaşı, biz “Ferrari” və beynəlxalq avtomobil dilerləri ilə də işləmişik. Bu qarşılıqlı əlaqə avtomobilin tarixinin müəyyən edilməsində və onun ölkədən çıxarılmasının qarşısının alınmasında mühüm rol oynadı”, – iş üzrə istintaqa rəhbərlik edən polis əməkdaşı Mayk Pilbeam bildirib.
Aut.az