“Mançester Yunayted”in sabiq futbolçusu Andrey Kançelskis rusiyalı futbolçulardan hansının İngiltərə Premyer Liqası səviyyəsinə, xüsusən də “qırmızı şeytanlar” səviyyəsinə çata biləcəyi haqda danışıb.
Aut.az xəbər verir ki, Kançelskis olduqca bədbin proqnoz verib.
“Əgər “Mançester Yunayted” mənə ruslardan kimin transfer oluna biləcəyi ilə bağlı sual versə, cavab verəcəm ki, heç kim. Səviyyə baxımından heç kim yaxınlaşmır, göz önündə duran adam yoxdur.
Yaxın 50 ildə Rusiyadan heç kim Premyer Liqada oynamayacaq. “Mançester Yunayted”in tarixində sonuncu rusiyalı olaraq qalacağam.
Bəlkə, əlbəttə ki, bir şey dəyişəcək və bizim uşaqlar orada görünəcəklər – inanaq! Hələlik hər şey çox çətindir və buna inanmaq çətindir”, – RB Sport Kançeskisdən sitat gətirib.
Xatırladaq ki, Kançelskis 1991-1995-ci illərdə “Mançester Yunayted”də çıxış edib. Bundan əlavə, o, İngiltərənin “Mançester Siti”, “Everton” və “Sauthempton”, eləcə də İtaliyanın “Fiorentina” və Şotlandiyanın “Reyncers” komandalarında çıxışı ilə tanınır.
Aut.az