Daha bir məşqçi cinsi təcavüzdə ittiham olunur
PSJ-nin qadınlardan ibarət komandasının keçmiş baş məşqçisi Didye Olle-Nikol, komandanın keçmiş hücumçusu Kadidiatu Diani tərəfindən açılan məhkəmə iddiasından sonra cinsi təcavüz iddiaları ilə bağlı ilkin araşdırma obyektidir.
Aut.az xəbər verir ki, “Le Parisien” qəzetinin yazdığına görə, Diani iddianı ötən ilin iyununda qaldırıb. Şikayətə əsasən, Olle-Nikol komandanın futbolçularına qarşı bir neçə nalayiq hərəkətə yol verib.
Xüsusilə, Diani 2021-ci ildə Olle-Nikolun avtobusa minərkən miniatür beysbol çubuğu ilə bir neçə qadın futbolçunun ombasına vurduğu hadisələrə istinad edir.
Başqa bir hadisədə isə Diani özü hədəfə düşüb. Oyunun fasiləsində məşqçi onun ombasına toxunub.
PSJ-nin keçmiş baş məşqçisinin vəkili Qiyom Trayner ittihamları “fantastik” hesab edib və böhtanla bağlı məhkəməyə müraciət etməyi istisna etməyib. 62 yaşlı Olle-Nikol 2021/22 mövsümündə PSJ-yə rəhbərlik edib.
Aut.az
