Azərbaycan Premyer Liqasının VI turunun “Araz-Naxçıvan” – “Neftçi” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırıb.
Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Uğursuz oyun oldu. Bir epizodda boşluq verdik və qol buraxdıq. Qalan şeylərdə nəzarət bizdə idi. Qol imkanlarımızı dəyərləndirə bilmədik.
– Azər Salahlı müdafiənin mərkəzində oynadı. Bu cür yerdəyişmələr davamlı olacaq, ya nə vaxt komanda tam formalaşacaq?
– Müdafiədə yaxşı oynadıq. Rəqibə şans vermədik. Belə dəyişikliklər olur. Penalti istisna olmaqla, rəqibin təhlükəli epizodu olmadı.
– Qara Qarayevin əvəzlənməsi nə ilə bağlı idi?
– Zədələndiyi üçün əvəzləndi. Başqa nəsə yoxdur. Ümumiyyətlə, bu gün normal oynadıq. Sadəcə penalti epizodu ağır nəticələndi. Belə anlarda daha diqqətli olmalıyıq. Rəqib əks-hücumdan sonra penalti qazandı və qol vurdu.
– “Sumqayıt”la oyundan sonra bu pencəyin sizinçün uğurlu olduğunu demişdiz, ancaq bu gün məğlub olduz…
– Yenə elə düşünürəm.
– Müdafiədə yaxşı oynadığınızı dediz, amma hücumda ciddi bir təhlükə yarada bilmədiz.
– 10 nəfərlə müdafiə olunan komandaya qarşı nə qədər şans yarada bilərsiz? İmkanlarımız oldu, lakin alınmadı.
– Bu gün iki yeni futbolçu debüt etdi. Onlarla bağlı fikirləriniz nədir?
– Lukas Melano və Mirzova vaxt lazımdır. Yeni oyunçulardır, getdikcə daha yaxşı olacaqlar.