Qeyri-adi transfer: Özü pul ödəyib ki…
Çexiyanın “Viagem” klubu cari yay transfer pəncərəsinin ən maraqlı keçidinə imza atıb.
Aut.az xəbər verir ki, Üçüncü Divizion təmsilçisi daha əvvəl peşəkar futbolla məşğul olmayan 22 yaşlı hüquq fakültəsi tələbəsi Martin Podhajskini transfer edib.
Klub bu keçid üçün xərcə düşməyib. Əksinə büdcəsini zənginləşdirib. Martinin atası “Viagem”ə 500 min çex kronu (37400 manat) ödəyib. Müqavilənin ən maraqlı detalı odur ki, Podhajski mövsüm ərzində ən azı 10 dəqiqə meydanda olmalıdır. Özü də komandanın kapitanı Yakub Maresi əvəzləyərək hücumçu kimi oynamalıdır.
Klub prezidenti Pemisl Kuban transferlə bağlı açıqlamasında bunları deyib: “O, daha əvvəl futbolla məşğul olmayıb, bildiyim qədərilə ancaq “FIFA” oynayıb. Kimsə mənə bu qədər pul ödəyərsə, onun oynamağına icazə verərəm”.
