Ramil Şeydayev istənilən klubda oynaya bilər – Tedesko
Belçika millisinin baş məşqçisi Domeniko Tedesko AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla oyunundan öncə keçirilmiş mətbuat konfransında iştirak edib
Aut.az xəbər verir ki, 37 yaşlı məşqçi sabahkı matçla bağlı jurnalistlərin suallarını cavablandırıb.
– Kevin De Bruyne sabah olmayacaq. Onu necə əvəzləyəcəksiz?
– De Bruyneni birbaşa əvəzləmək mümkün deyik. “Mançester Siti”nin oyunun izləyəndə də, aparıcı deyirdi ki, Kevinin yoxluğu hiss edilir. Bizim üçün də eyni vəziyyətdir. Kollektiv şəkildə oynayaraq onun yoxluğunu hiss etdirməməliyik. Həmin mövqedə oynayan oyunçu da düzgün anda, düzgün qərarlar verməlidir. Kreativliyi də çox önəmlidir.
– Romelu Lukaku sabah oynayacaq?
– Bəli. Doğrudur, kifayət qədər məşq etməyib. Amma fərdi məşqlər edir. Sabaha hazırdır. Ona dəstəyimiz var. Komandanın kapitanıdır.
– Meydanın vəziyyəti nə yerdədir? Zədə almaq ehtimalı kifayət qədərdir?
– Şərtləri olduğu kimi qəbul etməliyik. Yaxşı ki, bir gün əvvəl gəldik, gördük hər şeyi. Tək meydanı yox, paltardəyişmə otağını da. Sabah meydanda çox enerji sərf etməliyik. Digər məsələlərə isə enerji sərf etməməliyik. Bununla bağlı bir dəqiqə danışdıq. Sonra da bağladıq məsələni.
– Lukaku 90 dəqiqə oynamağa hazırdır?
– İnanmıram. Hələ ki, 90 dəqiqə oynamaq onun üçün tezdir.
– Milli üzvlərinin toplanışdan keçməkləri nə dərəcə önəmlidir?
– Keçiblərsə, yaxşıdır. Bəziləri yaxşı hazırlıq dövrü keçib. Nisbətən az hazırlıq dövrü keçənlər də var. Ehtiyatda olan oyunçuların da təsiri böyükdür. Çünki sonradan meydana daxil olub nəticəni müsbətə dəyişə bilərlər. Avstriya ilə matçda bunu gördük.
– Sabahkı matçla bağlı düşüncələriniz necədir? Asan qələbə olacaq, yoxsa necə?
– Açığı, həmişəkindən daha çox gərginəm. Müsahibələri oxuyuram, artıq çoxları deyir ki, Avropa çempionatına vəsiqəni qazanmışıq. Bu, düzgün deyil. Mənim stilimdə olmayan bir şeydir. Oyunçulara da deyirəm ki, doğru deyil, biz oyunlara köklənməliyik, qalib gəlməliyik. Azərbaycan millisini təhlil etmişik. Doğrudur, İsveçə 0:5 uduzublar. Amma girib detallara baxanda, Azərbaycan ilk yarıda daha çox topa sahib olub. Bir qol vursaydılar, başqa cür alınardı. Sabah Azərbaycan hesabda 1:0 önə keçsə, hər şey başqa cür olacaq. Onların heyətində Ramil Şeydayev kimi futbolçu var ki, istənilən klubda oynaya bilər. Mentalitet çox önəmlidir ki, nəticəni əldə edəsən.
