“Qəbələ” rəhbərliyindən ciddi narazılıq var. Klubda çalışan əməkdaşlardan biri iş yoldaşlarının adından məktub yazıb.
Məktubda işçilər məvacibin azlığından şikayətlənib, borc içində yaşadıqlarını bildirib(lər).
Həmin məktubu təqdim edirik:
«Salam. Sizin ədalətiniz qarşısında baş əyirəm.
Mən də hamı kimi öz şikayətimi etməliyəm. Çünki ədalətsizliyə qarşı susmaq haramdır.
Mən «Qəbələ» haqqında sizə məlumat verməliyəm. Belə ki, kluba rəhbərlik edənlər büdcəni sırf ədalətsiz şəkildə bölür.
Ofisdə oturan qalstuklu, amma idmandankənar adamlar 5000-7000 manat əməkhaqqı alır. Fəhlələrə, sürücülərə, ustalara – klubun kasıb təbəqəsinə isə cəmi 300-500 manat maaş verirlər.
Gəlin həqiqətən ədalətli düşünək: bu gün bu məbləğlərlə yaşamaq olar? Klubda işləyənlərin doxsan faizi dilənçilik edir.
Sələmə pul alır, marketlərə nisyə yazdırır. Ondan-bundan pul dilənirlər. Hələ klubun məşqçilərinin özləri rayon camaatından pul dilənir.
Belə klubdan nəticə gözləmək nə qədər düz məsələdir? Bu vəziyyəti sizə çatdırmalıyıq. «Səni çıxardaram», «çöldə işçi çoxdur», «sakit dur», «mən 1000 manat alım, sən 300 manat» deyib, insanları təsir altında işlədirlər».
Maddi qiyməti olmayan adamlar niyə futbolda işləyir? Və biz qiymətsiz adamlardan niyə futbol istəyirik?
Xahiş edirik, problemləri araşdırın və işıqlandırın. (Sportinfo.az)