Mövsümün əvvəlində Peşəkar Futbol Liqasında (bundan sonra PFL) gözlənilməz dəyişiklik baş verdi. Qurum yaranandan prezident postunda çalışan Ramin Musayev istefa verdi. Onu bu vəzifədə Elxan Səmədov əvəzlədi.
Onun gəlişindən sonra PFL-də ciddi dəyişikliklər olacağı gözlənilsə də, bu, baş vermədi. İşçi heyətini qoruyan Səmədov bir sıra dəyişikliklər etdi ki, bu da futbol ictimaiyyətində böyük marağa səbəb oldu.
Elxan Səmədovun PFL-də fəaliyyətə başlamasından 8 aydan artıq vaxt keçib. Qərara gəldik ki, qurum rəhbəri ilə həmsöhbət olub, geridə qalan müddət ərzində görülən işlərdən, mövcud problemlərdən və gələcək planlardan danışaq.
– PFL-ə bir neçə aydır rəhbərlik edirsiniz. Geridə qalan dönəmlə bağlı təəssüratlarınız necədir?
– Özüm özümü dəyərləndirməyim yaxşı çıxmaz. Azarkeş kimi deyə bilərəm ki, bu mövsüm maraqlı keçir. Komandaların səviyyəsi yüksəlib. İnfrastruktur cəhətdən bəzi stadionlar yaxşı vəziyyətdə deyil. Amma onları düzəltməyə çalışırıq.
Çox yaxşı komandamız var. Hamısı peşəkarlardır. Bu sarıdan problemimiz yoxdur. İşləyirik, planlarımız var. Növbəti mövsüm üçün bir neçə layihə düşünmüşük.
– PFL rəhbərliyinə gəlişiniz qəfil oldu. Amma işə çox sürətli başladınız. Bütün bunlara hazır idiniz?
– Düzün deyim, düşünməyə vaxtımız yox idi. Gələn kimi işə başladıq. Çalışırıq tempimiz azalmasın. Məncə, yaxşı olacaq.
– Gəlişinizlə bir sıra ciddi dəyişikliklər baş verdi. Çempionata sponsor gəldi. Yeni anlaşmalar olacaqmı?
– Hazırda bir sponsor var, amma düzünü deyim ki, bizim üçün kifayət deyil. Çalışacağıq ki, növbəti mövsümdə ölkə kuboku və birinci diviziona ayrıca sponsor tapaq.
– Məlumdur ki, bu mövsüm sonuncu sıranı tutan komanda Premyer Liqanı tərk edəcək. Birinci divizionda “Araz Naxçıvan” liderdir. Bu klubla bağlı ilkin yoxlamalar, araşdırmalar aparmısınız?
– Bəli, “Araz Naxçıvan”la tez-tez görüşürük. Əsas kriteriyalar stadionla – meydança və işıqlandırma sistemi ilə bağlıdır. Bütün bu meyarlara əməl eləsələr, normal olacaq. Əlbəttə ki, birinci yeri tutsalar.
– Canlı yayım məsələsi çempionatımız üçün olduqca vacibdir. Hələ ki, Naxçıvana texniki avadanlıqla gedib-gəlmək asan deyil. Yayımçı kanal olan “CBC Sport”un ora PTS aparması yəqin ki, asan olmayacaq. Hələ VAR sistemi də var. Bununla bağlı hansısa çətinlik olmayacaq ki?
– Məncə, VAR sistemi ilə bağlı problem olmayacaq. Amma çəkilişlə bağlı “CBC Sport”la müzakirə aparmalıyıq.
– Ola bilərmi ki, bu problem həll olunana qədər “Araz Naxçıvan” ev oyunlarını Bakıda keçirsin. Açığı, bizdə bununla bağlı informasiya var. Sizinlə dəqiqləşdirmək daha yaxşı olar…
– Bildiyimizə görə, “CBC Sport” bu məsələ ilə məşğuldur və Naxçıvan tərəfi ilə danışıq aparır.
– Yəqin ki, xatırlayarsınız. “Araz Naxçıvan” illər əvvəl qəfil gəldi və mövsümün gedişində getdi. Bu dəfə də eyni hal təkrarlanmaz?
– O dövrdə belə hallar ola bilərdi. Ancaq indi ola bilməz. Çünki dövlət tərəfindən 3 milyon manat ayrılır. Bu isə sonadək oynamağa kifayət edir.
– Əvvəllər klubların əksəri Bakını təmsil edirdi. Onlarla məşğul olmaq asan idi. İndi futbolun coğrafiyası genişlənir. Görünür ki, yeni mövsümdən birinci diviziona gələcək region komandaları ilə bu proses davam edəcək. Onlarla maraqlanmaq, problemləri həll etmək və başqa məsələlər var. Bu məqam sizə çətin olmayacaq?
– Xeyr, çətin deyil. Biz komanda olaraq tez-tez səfərlərə çıxırıq. Birinci divizion klubları ilə də görüşürük, Premyer Liqa təmsilçiləri ilə də. Rəhbər heyətlə də, məşqçilərlə də söhbətləşirik. Bizim üçün problem yoxdur.
– Divizionda oynamağa namizəd olan klublar var?
– Var, artıq bir neçə klub bizə müraciət edib. Hazırda onlarla bağlı araşdırma aparırıq. Stadionlar, meydançalar, məşqçi və futbolçu heyəti barədə məlumatlar alırıq. Məncə, 4 komanda seçiləcək.
– Bu rəqəm daha çox ola bilərmi?
– İnanmıram. Nəyə görə inanmıram? Hal-hazırda Azərbaycanda o qədər də stadion yoxdur.
– Premyer Liqaya olan marağı, kütləviliyi artırmaq üçün müxtəlif layihələr keçirirsiniz. İstədiyiniz nəticələri əldə edə bilirsiniz?
– Daha çox layihə keçirmək istəyərdik. Amma bütün məsələlər maliyyəyə bağlıdır. Daha çox maliyyə olsaydı… Maraqlı fikirlərimiz var. Gələn il çalışacağıq ki, onları reallaşdıraq.
– Statistika göstərir ki, get-gedə azarkeş sayı azalır. Hətta regionlarda belə. Bununla bağlı hansısa planınız və ya klublarla iş görmək istəyiniz varmı? Çünki bəzi ölkələrdə klubları məcbur edirlər ki, stadionu, hətta əsas tribunanı azarkeşlərlə doldursun. PFL-in gələcəkdə belə tələbləri ola bilərmi?
– İndiki vəziyyətdə biz bunu klublardan tələb edə bilmərik. Ona görə ki, azarkeşi stadiona gətirmək üçün şərait olmalıdır. Stadionun, oturacağın vəziyyəti pis olanda, fasilədə su ala bilməyəndə, biz azarkeşləri necə cəlb edəcəyik? Başqa bir məqam odur ki, biz onlara məhsul verək. Məhsul da komandaların yaxşı oyunudur. Hal-hazırda nümunə olaraq görürük ki, “Sabah” oynayır. Hər matça 3-4 min azarkeş gəlir.
– Çempionatın səviyyəsi sizi qane edirmi?
– Ümumi götürsək, çempionatın səviyyəsi pis deyil. Tovuzda, Şamaxıda, Gəncədə azarkeş çoxdur. Nəyə görə gəlirlər? Görürlər ki, oyun var. Məsələn, son oyunlarda “Şamaxı” sübut etdi ki, “Qarabağ”la da, “Sabah”la da, “Neftçi”ylə də oynamaq olar. Belə olanda səviyyə yüksəlir. Bu, bir ilin işi deyil. Gərək iki-üç il keçsin ki, azarkeş bunun daimi olduğuna inansın.
– Milli komandamız ötən ay Avro-2024-ün seçmə mərhələsində 2 oyun keçirdi. Siz də səfərə yollanan heyətdə yer almışdınız. Komanda hər iki oyunda böyük hesabla uduzdu və tənqid hədəfinə çevrildi. Tənqidlərdəki bəzi fikirlər belə idi ki, çempionatın səviyyəsi aşağıdır. Ona görə də futbolçular belə rəqiblərlə oynaya bilmirlər. Bu fikirlə razısınızmı?
– Əlbəttə razıyam. Milli komandanın yaxşı oynaması üçün çempionat maraqlı və güclü olmalıdır. Bizim millimiz belə hesablarla uduzmamalıdır.
– Çempionatdakı limit sizi qane edir? Mövsümün sonunda hansısa dəyişiklik gözlənilmir ki?
– Məncə, limit hazırda yaxşıdır. Yeni mövsümdən birinci divizionla əvəzedici komandalar ayrılacaq. Həmin çempionatlarda da müəyyən limitlər olacaq. İmkan olacaq ki, gənc futbolçular da özlərini göstərsinlər.
– Yeni limitdən sonra futbolumuza yenidən legioner axını başladı. Onların səviyyəsi çox müzakirə olunur. Bəziləri, demək olar ki, ehtiyatda qalır. Legionerin transferləri ilə bağlı hansısa qaydalar tətbiq etmək fikriniz varmı? Ki, çempionatımıza daha səviyyəli legionerlər gəlsin…
– Əslində biz buna qarışa bilmərik. Bu məsələ klubun daxili işidir. Biz istəyərdik ki, gələn legioner səviyyəli olsun. Hazırda yeni qaydalar hazırlanır. Yeni mövsümdən bununla bağlı bəzi tələblər olacaq.
– Əvvəllər klublar rüsumları və cərimələri ödəməklə bağlı PFL-ə problem yaşadırdılar. İndi vəziyyət necədir?
– Məncə, normaldır. Bir-birimizi başa düşürük. Klubların əksəriyyəti borclarını artıq ödəyiblər.
– Klubların əksəriyyətinin büdcəsi dövlətin ayırdığı maliyyədən ibarətdir. Xüsusilə əyalət təmsilçilərinin. Onlar daha yaxşı çıxış etmək və problemləri həll etmək üçün yeni maliyyə dayaqları tapmalıdırlar. Bu barədə klublarla görüşləriniz, fikir mübadilələriniz olur?
– Biz yalnız tövsiyə verə bilərik. Görüşürük, izah edirik ki, çalışın özünüz maliyyə tapın. Hər rayonun iş adamları, şirkətləri var. Onlarla işləmək lazımdır. Yenə deyirəm, onlarla işləmək üçün elə bir məhsul olmalıdır ki, maraqlı olsunlar. Biz gördük ki, “Turan Tovuz” nəticə göstərdi. Bunun sayəsində də sponsor tapıldı. Biz sponsorla söhbət etmişik. Komandaya inam var. Buna görə dəstək olublar.
– Dövlətin ayırdığı maliyyədən əlavə sponsor tapan klublara qarşı tələbləriniz dəyişirmi?
– Klublar özləri də maraqlıdır ki, dəyişikliklər etsinlər. Bildiyiniz kimi, bizim işıqlandırma sistemi ilə bağlı problemlərimiz var. “Turan Tovuz” sponsor tapdı, hazırda bu məsələ ilə məşğul olurlar. Klub özü maraqlı olmalıdır ki, komandası yayda günorta 40 dərəcə istidə futbol oynayaraq çətinlik çəkməsin. Özləri də başa düşürlər ki, dəyişməsələr, problem olacaq.
– Süni örtüklə də bağlı komandaların şikayətləri çoxdur…
– Biz də istəyərik ki, ancaq təbii meydançalar olsun. Amma hazırda bu real deyil. Məsələn, “Səbail”. Bir dənə meydançaları var. O təbii olsa, ən azı məşqlər üçün daha bir meydança olmalıdır. Ən azı bir dənə də aşağı yaş qrupları üzrə komandalar üçün. Hazırda belə imkanları yoxdur. Amma istəyərik ki, komandalar təbii meydandaça da oynasın.
– Növbəti mövsüm üçün stadionların ot örtüyü ilə bağlı klubların qarşısına tələb və ya hansı meyar qoymaq planınız var?
– Növbəti mövsümdən biz bütün stadionları kateqoriya üzrə böləcəyik. Əlbəttə ki, kriteriyalar olacaq.
– Sizin gəlişinizdən sonra PFL marketinqə böyük diqqət yetirir. Belə məsələlərdən biri internet üzrə yayım hüququnun satılmasıdır. O sarıdan vəziyyət ürəyinizcədir?
– Fikrimcə, belə məsələlərə peşəkar yanaşmalıyıq. Bir ölkə deyə bilmərik ki, çempionatı “Youtube”da və digər platformalardan pulsuz yayımlansın. Bu da azarkeş üçün bir əyləncədir. Kinoteatra gedəndə heç kimə pulsuz kino göstərmirlər. Ən azı 6-8 manat ödəmək lazım gəlir ki, bilet alaq. Məncə, internet üzərindən çempionata baxmağa görə aylıq 1-2 manat ödəmək azarkeş üçün problem deyil. Belə baxanda, “CBC Sport” telekanalı pulsuz, açıq şəkildə yayımlayır.
– Bu addım uğurlu alındımı?
– Yayım hüququnu istədiyimiz kimi satdığımızı deyə bilmərəm. Amma bu, bizim ilk addımımızdır. İstəyirik ki, dünyaya bizim çempionatımızı göstərək ki, onlar da yayımı alsınlar.
– Bu prosesi davam etdirmək və internet yayımını daha geniş platformalara çıxarmaq planınız varmı?
– Hazırda bu istiqamətdə dünya üzrə tanınmış şirkətlərlə müzakirələr aparırıq. İnşallah gələn il üçün daha yaxşı olacaq.
– Sələfiniz Ramin Musayev bəzi məsələlərdə çox səmimi idi. Məsələn, “Neftçi” azarkeşi idi. Bunu gizlətmirdi. Həmin klubda da çalışmışdı. Sizin azarkeşlik etdiyiniz, rəğbət bəslədiyiniz klub varmı?
– Yaxşı oyunun azarkeşiyəm. İstəyirəm, bütün komandalar yaxşı oynasın. Belə olanda futboldan həzz alırıq, sevinirik.
– Media ilə bağlı layihənizi necə dəyərləndirirsiniz? Bunun sayəsində bölgələrdəki oyunlarda iştirak edən media nümayəndələrinin sayı artdı. Belə olan halda Bakıdakı stadionlar jurnalistlərsiz qalmadı ki?
– Məncə, hər şey yaxşıdır. Klublarla bu barədə danışmışıq, vəziyyəti soruşmuşuq. Deyirlər ki, əvvəl elə olurdu ki, mətbuat konfransında bir müxbir olurdu, məşqçilər narazılıq edirdi. İndi 15-16 nəfər olur. Azarkeşlər üçün də maraqlıdır. Mən özüm də konfransları oxuyuram. Maraqlı olur, oyunlarda baş verənlərlə bağlı suallar verilir, bəzi məlumatları oxuyuruq.
– Bu layihəni davam etdirmək fikriniz var?
– İnşallah. İstəyərdik ki, daha yaxşı layihələrimiz olsun. Yenə deyirəm, hər şey maliyyədən asılıdır. Əminəm ki, Sənan müəllimin (red – müsahibə zamanı yanımızda əyləşən media və marketinq departamentinin rəhbəri Sənan Abdullayevi nəzərdə tutur) media ilə bağlı bir neçə layihəsi var.
Heybət Məmmədov