Almaniya futbolu silkələndi: Korrupsiya əməliyyatı aparılır
Almaniya polisi Frankfurt-Mayn şəhərindəki Almaniya Futbol Assosiasiyasının (DFB) qərargahında axtarış aparıb.
Aut.az xəbər verir ki, istintaq 2024-cü ildə keçirilən Avropa Çempionatının təşkilində mümkün korrupsiya ilə bağlı araşdırmanın bir hissəsi olaraq aparılıb.
“Bild” xəbər verir ki, əməliyyatda 150 müstəntiq iştirak edib.
Axtarışlar turnirə ev sahibliyi edən doqquz şəhərin – Gelzenkirhen, Dortmund, Düsseldorf, Köln, Hamburq, Berlin, Frankfurt, Ştutqart və Münhenin inzibati ofislərində də aparılıb. Avro-2024-ə ev sahibliyi etmək üçün yaradılan “Euro 2024 GmbH” şirkəti də yoxlanılıb.
Nəşrin məlumatına görə, oyun biletlərini qanunsuz paylamaqda və dəvətnamə ilə bağlı xidmətləri qəbul etməkdə şübhəli bilinən iki şəxsə qarşı istintaq aparılır. Rüşvətin məbləği təxminən 2400 avro təşkil edib.
Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər naziri Herbert Röl bildirib:
“Futbol bileti maaşın bir hissəsi deyil. Dövlət qulluğunda rüşvət gözləyən hər kəs bizim qonaq gələcəyimizi gözləyə bilər. Avropa Çempionatı kimi böyük tədbirlər insanların idmana və onları təşkil edən orqanlara olan etibarından asılıdır. Biz bu etimadı bir neçə dəvətnamə və biletlə sarsıtmağa imkan verməyəcəyik”.
Aut.az
