21 yaşlı futbolçu çayda boğuldu
“Genqam”ın gənclər komandasının hücumçusu Kenzo Kes bazar ertəsi səhəri Ron çayında boğulub və beyin ölümü keçirib.
Aut.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, faciə yerli vaxtla saat 17:30 radələrində Villeurbanne və Caluire-et-Cuire şəhərləri arasında yerləşən Parc des Fesines yaxınlığında, qadağan olunmuş üzgüçülük zonasında baş verib.
Kes iki dostu ilə çayda üzərkən boğulublar. Onlar reanimasiyaya yerləşdirilsələr də, həkimlər futbolçunun beyin ölümü keçirdiyini bildiriblər. Lion prokurorluğu araşdırmaya başlayıb.
Kenzo “Lion” və “Sent-Etyen”in gənclər və yeniyetmələr komandalarında oynayıb. O, ötən yay “Genqam”a keçib, lakin heç vaxt əsas heyətə düşə bilməyib. 2025-ci ilin payızında “Genqam”ın baş məşqçisi Silven Ripoll onu bir neçə dəfə böyüklər komandası ilə məşq etməyə dəvət edib. Daha sonra zədə alıb və qalma təklifinə baxmayaraq, apreldə klubdan ayrılıb.
Beyin ölümü, beyin kötüyü də daxil olmaqla, bütün beyin funksiyalarının tamamilə və dönməz şəkildə dayandırılmasıdır. Bu vəziyyət klinik ölümdən kökündən fərqlənir. Klinik ölümdə ürək döyüntüsü və tənəffüs dayanır, lakin beyin hələ də sağ ola bilər və insan reanimasiya edilə bilər. Digər tərəfdən, beyin ölümü mərkəzi sinir sisteminin dönməz şəkildə məhv olması deməkdir. Aparatlar süni şəkildə ürək və ağciyərləri dəstəkləyərək həyat görüntüsü yarada bilsə də, şüur heç vaxt geri qayıtmayacaq. Tibdə beyin ölümü, aparatlar sayəsində ürək döyünməyə davam etsə belə, bioloji ölümlə eyni hesab olunur.
Aut.az
