İbrahimoviç oyun vaxtı ona bıçaq atılmasından danışdı
İsveç millisinin və PSJ-nin sabiq hücumçusu Zlatan İbrahimoviç karyerasında yaşadığı maraqlı hadisələrdən birini bölüşüb.
Aut.az xəbər verir ki, Zlatan Avropadakı azarkeşlərin ABŞ-dakı fanatlardan daha emosional və sərt olduğunu bildirib:
“Avropada məğlub olanda azarkeşlər səni avtomobilinin yanında gözləmir, evinin yanında gözləyirlər. Həm də əllərində tako ilə yox. Bu, tamamilə fərqli məsələdir.
Xatırlayıram ki, PSJ-də oynayarkən Marselə səfərə getmişdik. Meydanda bizə tərəf bıçaqlar atırdılar. Qol vurduqdan sonra adətən bunu qeyd etmək üçün künc bayrağına yaxınlaşırıq, çünki həmin yer azarkeşlərə daha yaxındır. Mən gördüm ki, bizə tərəf bıçaq atıldı.
Komanda yoldaşlarıma dedim ki, növbəti qolu meydanın mərkəzində qeyd edəcəyik. Mən oradan sağ çıxmaq istəyirdim. Daha künc bayrağının yanında heç bir qol sevinci olmayacaqdı”.
Qeyd edək ki, İbrahimoviç PSJ-nin heyətində 2012–2016-cı illərdə çıxış edib və klub tarixinin ən uğurlu hücumçularından biri hesab olunur.
Aut.az
