Formula 1

Xəstəxana F1 meydançası idi: İllər sonra Şumaxerin təxliyəsi barədə danışdı

2013-cü il dekabrın 29-da Fransa Alp dağlarında Meribel xizək kurortunda qəzaya uğrayan yeddiqat Formula 1 çempionu Mixael Şumaxeri xəstəxanaya aparan xilasetmə helikopterinin pilotu Yannik Daynez həmin taleyüklü günün təfərrüatlarını danışıb.

Aut.az xəbər verir ki, “L’Équipe” Daynezin dediklərini sitat gətirib:

“Xilasedici həkimlə birlikdə vertolyota mindi və mənə dedi ki, ‘Şumaxeri görəcəyik!. Əvvəlcə onun zarafat etdiyini düşündüm. Amma komandir bizə mikrofonlarımızı və “GoPro” kameralarımızı çıxarmağı əmr edəndə və jurnalistlərin bizimlə uçmasını qadağan edəndə bunun doğru olduğunu anladım. Təzyiq? Şüuraltı olaraq bunu hiss etdim, çünki insanların onu bütləşdirdiyini bilirdim. Amma mənim üçün o, sadəcə ciddi xəsarətləri olan başqa bir insan idi.

Şumaxeri vakuum döşəyinə bağladıq və sonra Qrenobl xəstəxanasına uçuş üçün helikopterə apardıq. 25 dəqiqəlik uçuş demək olar ki, səssiz keçdi və onun xəsarətlərinin dərəcəsi barədə heç bir məlumatımız yox idi.

Bir neçə gün sonra, başqa bir xəstəni ora gətirdikdən sonra xəstəxananın qarşısında gördüklərim məni şoka saldı. Hər yerdə avtobuslar, qırmızı bayraqlar və insan izdihamı var idi – xəstəxana ərazisi əsl Formula 1 yarış meydançasına çevrilmişdi. Bu, inanılmaz idi”.

Aut.az