Sabiq klubundan Dioqo Jotaya möhtəşəm jest
Portuqaliya millisinin mərhum vingeri Dioqo Jota sabiq klubu “Vulverhempton”un Şöhrət Zalına daxil edilib.
Aut.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Rəsmi mərasim klubun muzeyində baş tutub. Burada “Vulverhempton”un sabiq hücumçusu Con Riçards seçim komitəsinin üzvləri ilə birlikdə Dioqo Jotanı təntənəli şəkildə Şöhrət Zalına qəbul edib.
“Diqqonu klub üçün gördüyü işlərə görə yad etmək çox vacibdir. O, burada cəmi üç mövsüm keçirsə də, azarkeşlər onu çox sevirdi. Daha sonra “Liverpul”a keçdi və nə qədər möhtəşəm futbolçu olduğunu hər kəsə göstərdi.
Burada olduğu müddətdə “Vulverhempton”a və ümumilikdə kluba böyük töhfə verdi, buna görə də onu həmişə sevgi ilə xatırlayırlar. Amma məsələ təkcə futbol nailiyyətləri ilə bağlı deyil. Onun faciəli ölümündən sonra klubda danışdığım hər kəs – yeməkxana işçilərindən tutmuş rəhbərliyə qədər Dioqonun son dərəcə xoş insan olduğunu deyirdi.
O, çox ünsiyyətcil, cazibədar, nəzakətli idi və hər zaman kömək etməyə hazır olurdu. Bu da əsl şəxsiyyət göstəricisidir. Məhz buna görə onun Şöhrət Zalına daxil edilməsi xüsusilə sevindiricidir”, – deyə Riçards bildirib.
Klub muzeyində həmçinin portuqaliyalı futbolçuya həsr olunmuş xüsusi sərgi də yaradılıb.
Xatırladaq ki, 2025-ci ilin iyulunda 28 yaşlı Dioqo Jota İspaniyada baş verən avtomobil qəzasında qardaşı Andre Teyşeyra da Silva ilə birlikdə həyatını itirib. O, 2017–2020-ci illərdə “Vulverhempton”un formasını geyinib.
Aut.az
