Dünya çempionu təcili xəstəxanaya yerləşdirildi, döyüşü ləğv edildi
WBC versiyası üzrə orta çəkidə dünya çempionu Karlos Adames (24-1-1, 18 KO) susuzlaşma səbəbindən təcili xəstəxanaya yerləşdirilib.
Aut.az xəbər verir ki, bu barədə “Boxing Scene” məlumat yayıb.
31 yaşlı boksçu cümə günü, yanvarın 30-da təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Dominikanlı idmançının nümayəndələri yaxın vaxtlarda onun sağlamlıq durumu ilə bağlı əlavə məlumat veriləcəyini bildiriblər.
Çempionun təcili hospitalizasiyası səbəbindən onun amerikalı Ostin Uilyamsla (19-1, 13 KO) yanvarın 31-də “Madison Square Garden”də keçirilməsi planlaşdırılan döyüşü ləğv edilib. Bu qarşılaşma Teofimo Lopes və Şakur Stivensonun iştirak etdiyi boks gecəsinin ikinci əsas döyüşü olmalı idi.
Karlos Adames WBC kəmərini 2024-cü ilin mayında Ümumdünya Boks Şurasının Cermall Çarlonu tituldan məhrum etməsindən sonra əldə edib. O vaxtdan bəri dominikanlı boksçu kəmərini iki dəfə qoruyub.
Adames sonuncu dəfə 2025-ci ilin fevralında Hamza Şirazla rinqə çıxıb. Səudiyyə Ərəbistanında keçirilən 12 raundluq döyüş heç-heçə ilə başa çatıb.
Aut.az
