Superkubokun yeri dəyişdirilir: Nüfuzlu turnirə görə
İspaniya Superkuboku gələn mövsüm Asiya Kuboku ilə təqvim toqquşması səbəbindən müvəqqəti olaraq Qətərdə keçirilə bilər.
Aut.az xəbər verir ki, bununla yanaşı, İspaniya Futbol Federasiyasının (RFEF) Səudiyyə Ərəbistanı ilə mövcud müqaviləni 2030-cu ilə qədər uzatmağı planlaşdırdığı bildirilir. Bu barədə COPE məlumat yayıb.
Bildirilir ki, Asiya Kuboku ilə əlaqədar olaraq gələn ilin turniri Qətərdə keçiriləcək və Superkubok 2028-ci ildə yenidən Səudiyyə Ərəbistanına qayıdacaq.
Səudiyyə Ərəbistanı Futbol Federasiyası ilə hazırkı razılaşma 2029-cu ilə qədər qüvvədədir. Lakin 2027-ci il Asiya Kubokunun yanvar–fevral aylarında Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırıldığı üçün həmin dövrdə ölkə daxilində Superkubokun təşkili mümkün olmayacaq. RFEF bu vəziyyətlə bağlı Səudiyyə tərəfi ilə danışıqlar aparır və yekun qərarın bu ilin Superkubokundan sonra verilməsi gözlənilir.
Müzakirə olunan əsas ideya turniri yalnız bir mövsümlük Qətərə köçürmək və uzunmüddətli razılaşmanı qorumaq üçün Səudiyyə Ərəbistanına 2028-ci ildə əlavə bir il kompensasiya verməkdir.
2026-cı il İspaniya Superkuboku bu gün Ciddədə start götürür. İlk yarımfinalda “Barselona” “Atletik”lə üz-üzə gələcək. İkinci yarımfinal isə yanvarın 8-də “Real” və “Atletiko” arasında baş tutacaq.
Aut.az
