Hadisədən sonra ilk dəfə hakim qarşısında ifadə verəcək
İspaniya millisinin futbolçusu Cennifer Hermoso İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubialeslə öpüşməsi işi üzrə ilk dəfə ifadə verəcək.
Aut.az xəbər verir ki, qadın oyunçu noyabrın 28-də İspaniya Milli Məhkəməsində hakim qarşısına çıxacaq. Bu barədə “Marca” məlumat yayıb.
Hermosonun ifadəsində hər hansı yeni fakt aşkarlanmayacağı halda, prosesin məhkəməyə qədərki son mərhələsi olacaq.
Qeyd olunur ki, RFEF-in marketinq direktoru Ruben Rivera ilə Hermosonun dostu Ana Belen Ekube arasında ifadələrindəki ziddiyyətlərə aydınlıq gətirmək üçün qarşıdurma noyabrın 30-na planlaşdırılsa da, sonda hakim onu təxirə salıb.
Oktyabrın sonunda FİFA nizam-intizam komitəsi Rubialesi üç il müddətinə futbol fəaliyyətindən kənarlaşdırıb.
Avqustun 20-də Avstraliya və Yeni Zelandiyada keçirilən qadınlararası dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimində Rubiales Hermosonu qucaqlayıb və dodaqlarından öpüb. Sentyabrda bu qalmaqal fonunda ispan RFEF prezidenti vəzifəsindən istefa verib. İspaniya Milli Məhkəməsi sentyabrın 11-də Rubialesə qarşı cinayət işi açıb.
