Kvaratsxeliya bu mükafatı qazandı və əfsanənin rekordunu təkrarladı
PSJ-nin vingeri Xviça Kvaratsxeliya 2025-ci ilin yekunlarına görə Gürcüstanda ilin ən yaxşı futbolçusu seçilib.
Aut.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu bu mükafata karyerasında beşinci dəfə layiq görülüb. O, daha əvvəl 2020 və 2021-ci illərdə Kazanın “Rubin” klubunda çıxış edərkən, 2022 və 2023-cü illərdə isə İtaliyanın “Napoli” klubunun formasını geyindiyi dövrdə ilin ən yaxşı futbolçusu seçilmişdi.
Beləliklə, Kvaratsxeliya Gürcüstan futbolunun əfsanələrindən olan, keçmiş “Milan” müdafiəçisi Kaxa Kaladzenin rekordunu təkrarlayıb. Kaladze də karyerası ərzində 5 dəfə — 2001, 2002, 2003, 2006 və 2011-ci illərdə Gürcüstanda ilin futbolçusu adına layiq görülmüşdü.
Qeyd edək ki, 2024-cü ilin yekunlarına görə Gürcüstanda ilin ən yaxşı futbolçusu hazırda “Liverpul”da çıxış edən qapıçı Giorgi Mamardaşvili seçilmişdi.
Aut.az
