İlin ən yaxşıları açıqlandı: Qaliblər arasında şimali koreyalı da var
Yarımmüdafiəçi Li Kan İn Asiya Futbol Konfederasiyasının (AFC) Riyadda keçirilən 2025-ci il mükafatlandırma mərasimində ilin ən yaxşı asiyalı futbolçusu seçilib.
Aut.az xəbər verir ki, bu barədə AFC-nin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı koreyalı futbolçu mükafat uğrunda mübarizədə “Olimpiakos”un hücumçusu Mehdi Taremi və “Real Sosyedad”ın yarımmüdafiəçisi Takefusa Kubonu qabaqlayıb.
Ötən mövsüm Li Kan İn bütün turnirlərdə 49 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. O, PSJ ilə birlikdə Çempionlar Liqasının, Fransa çempionatının, ölkə kubokunun və Superkubokunun qalibi olub.

İlin Asiya çempionatlarında çıxış edən ən yaxşı oyunçusu mükafatını isə “Əl-Hilal”ın hücumçusu Salem əd-Davsari qazanıb. 34 yaşlı futbolçu bu mükafata iki dəfə layiq görülən ilk səudiyyəli olub. O, ötən mövsüm 51 oyunda 27 qol vurub, 18 məhsuldar ötürmə edib və 15 assistlə Səudiyyə Ərəbistanı çempionatının ən yaxşı ötürmə ustası adını qazanıb.

İlin ən yaxşı gənc futbolçusu adına Avstraliyanın “Nyukasl” klubunun yarımmüdafiəçisi Aleks Badolato layiq görülüb. O, bu kateqoriyada həm ilk avstraliyalı namizəd, həm də ilk qalib olub.

İlin ən yaxşı baş məşqçisi mükafatını isə Şimali Koreyanın 20 yaşadək qadınlardan ibarət yığmasının çalışdırıcısı Ri Son Ho qazanıb. Onun rəhbərliyi altında komanda 2024-cü ildə Kolumbiyada dünya çempionu olub. Ri Son Ho bu nominasiyada 28-ci qalib və 2006-cı ildə U-20 yığmasını qələbəyə aparan Çxve Kvan Sokdan sonra bu mükafatı qazanan ikinci Şimali Koreya təmsilçisi olub.
Aut.az
