Qaydasız döyüş

“Doğrudanmı bu qədər pis döyüşürəm?”

UFC-nin sabiq çempionu Çarlz Oliveyra yaxın zamanda karyerasını bitirəcəyi ilə bağlı yayılan şayiələri təkzib edib.

Aut.az xəbər verir ki, o, “MMA Junkie”-yə müsahibəsində bunları bildirib:

“Bu söhbətlər yalnız sizin başınızdadır. Mən heç vaxt karyeramı bitirmək istədiyimi deməmişəm. Amma indi hamı məndən bu barədə soruşur. Mən doğrudanmı bu qədər pis döyüşürəm? Yoxsa sadəcə istəyirsiniz ki, mən MMA-dan gedim? Nə baş verdiyini anlamıram. Mən bu barədə heç düşünmürəm, amma bu sualları verməyə davam edirlər”

35 yaşlı braziliyalı oktyabrın 12-nə keçən gecə Rio-de-Janeyroda keçiriləcək UFC Fight Night turnirində polyak Mateuş Qamrotla döyüşəcək.

Oliveyra indiyədək 47 döyüş keçirib — 35 qələbə qazanıb, 11 dəfə məğlub olub, 1 döyüş isə baş tutmamış sayılıb.