19 yaşlı idmançı faciəli şəkildə öldü
Çexiyalı biatlonçu Yan Vanha 19 yaşında avtomobil qəzasında dünyasını dəyişib.
Aut.az xəbər verir ki, “Blesk”in məlumatına görə, faciə cümə günü, sentyabrın 19-da yerli vaxtla saat 14:30 radələrində baş verib. İdmançını Pardubice vilayətinin Krouna kəndi yaxınlığında yolda velosiped sürərkən avtomobil vurub.
“Hadisə yerinə gələn yanğınsöndürənlər yolun kənarında uzanmış velosipedçiyə ilkin tibbi yardım göstəriblər. Hadisə yerinə Havada Xilasetmə Xidmətinin helikopteri də cəlb olunub. Yanğınsöndürənlərin və xilasedicilərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”, – Pardubice Rayon Yanğından Mühafizə İdarəsi məlumat yayıb.
Yanğınsöndürənlər tərəfindən qəza yerindən yayılan fotolarda avtomobilin ön hissəsinin tamamilə sıradan çıxdığı görünür. Yerli sakinlər deyirlər ki, sürücülər tez-tez bu yolda çox sürətlə hərəkət edirlər.
“Qəzanın səbəbləri hələ də araşdırılır. Sürücünün alkoqol üçün testi mənfi olub”, – polis sözçüsü bildirib.
Aut.az
