Qarnaço rəsmən “Çelsi”də
Argentinalı vinger Alexandro Qarnaço “Mançester Yunayted”dən “Çelsi”yə keçib.
Aut.az xəbər verir ki, bu barədə London klubunun saytı məlumat yayıb.
21 yaşlı futbolçu ilə müqavilə 2032-ci ilə qədərdir.
“Mənim və ailəm üçün bu möhtəşəm kluba qoşulmaq inanılmaz bir məqamdır. Başlamaq üçün səbirsizlənirəm. Klublararası dünya çempionatına baxdım və çempionlar arasında olmaq xüsusi bir şeydir. Biz dünyanın ən yaxşı komandasıyıq! Burada olmaq sadəcə inanılmazdır və mən çox xoşbəxtəm”, – Qarnaço bildirib.
Fabritsio Romanonun sözlərinə görə, Qarnaçonun “Çelsi”yə transferinin dəyəri təxminən 40 milyon funt-sterlinq (46 milyon avrodan bir qədər çox) olub. Qeyd olunur ki, bütün digər təklifləri istisna etdiyi üçün London klubuna transferin təşəbbüskarı da futbolçu olub.
Qarnaço 16 yaşında “Atletiko Madrid”dən köçdüyü “Mançester Yunayted” akademiyasının yetirməsidir. “Qırmızı şeytanlar”ın əsas komandasındakı karyerası ərzində hücumçu bütün yarışlarda 144 matçda iştirak edib, 26 qol vurub, 22 məhsuldar ötürmə edib.
