Dünya futbolu

PSJ-də ciddi söhbət: Enrike rusiyalı və ukraynalı futbolçulara ultimatum verdi

Baş məşqçi Luis Enrike PSJ-də bəzi futbolçularla ciddi söhbət apararaq onlara ultimatum verib.

Aut.az xəbər verir ki, bu barədə “Sport24” məlumat yayıb.

Xəbərə görə, ispaniyalı mütəxəssis ukraynalı müdafiəçi İlya Zabarni və rusiyalı qapıçı Matvey Safonovu yanına çağıraraq komandadakı ab-hava və onların münasibətlərini müzakirə edib.

Enrike klubda Rusiya–Ukrayna müharibəsi ilə bağlı hər hansı reputasiya riskinin yaranmamasını istəyir. Buna görə də o, PSJ düşərgəsində siyasi mövzuların müzakirəsini qadağan edib. Baş məşqçinin mövqeyini idman direktoru Luiş Kampuş da dəstəkləyib.

Enrike açıq şəkildə bildirib ki, klubda siyasət mövzusu tabu olacaq və bu qaydanı pozan futbolçu intizam cəzası ala bilər.

Komanda kapitanı Markinyos da Zabarni ilə Safonov arasında ünsiyyətin düzgün tənzimlənməsinə aktiv şəkildə qatılır, balansı qorumağa və PSJ soyunma otağında müsbət atmosferin saxlanmasına çalışır.

Aut.az